Qurban Qurbanov: Toplanışda hər oyunda qalib gəlmək lazımdı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının Antalya toplanışı çərçivəsində Buxarest “Dinamo”su üzərində yoxlama oyununda qazandığı 1:0 hesablı qələbə ilə bağlı açıqlama verib.
“Bu oyun, bizim toplanış çərçivəsində ilk oyunumuz və müvafiq olaraq ilk qələbəmiz idi. Qələbəyə rəğmən, mən oyundan narazıyam. Oyunun təşkili ilə bağlı hələlik problemlərimiz var. Komanda oyunu fiziki yorğun halda keçirdi. Oyunçularım çalışsa da, az səhv buraxmadılar”, deyə Qurbanov sözə başlayıb.
“Ümumilikdə bizə hər mövqedə bir futbolçu lazımdır. Ancaq qışda bunu etmək çətin olacaq. Komandamda zədəli oyunçular var. Ancaq əsas məqsəd, ilk turlardan sabit heyətimizin olmasıdır. Rəşad Sadıqov zədədən yenicə sağalıb. O, gələn həftədən məşqlərə başlayacaq”.
Qurbanovun sözlərinə görə, “Qarabağ”a toplanışlarda qalib gəlmək lazımdır: “Toplanışın hər oyununda qalib gəlmək lazımdır. Bu, vacibdir. Bununla yanaşı, mən komandadan sabit oyun gözləmirəm. Aydındır ki, indi hamı münasib formada ola bilməz. Bəli, rəqiblər də özlərini göstərməyə çalışacaq. Təəssüf ki, Berti Foqts oyunda yox idi. Düzdü, Biz buna qədər onunla görüşüb çox şey haqda, həmçinin, toplanış barəsində danışmışdıq”.
