Volkan Demirel: Kimin güclü olduğunu özünüz müəyyən edin
“Fənərbaxça”nın qapıçısı Volkan Demirel Antalya toplanışı çərçivəsində “Neftçi”yə qarşı keçirilmiş yoxlama oyunu (0:0) ilə bağlı jurnalistlərin suallarını cavablayıb. Azerisport.az xəbər qapıçının fikirlərini diqqətinizə çatdırır:
- “Neftçi”yə qarşı oyunu necə qiymətləndirirsiniz?
- Bu, yoldaşlıq oyunu idi, ancaq maraqlı keçdi. Biz toplanış çərçivəsində dörd oyun keçirdik: Birində qələbə qazandıq, iki heç-heçə etdik, bir oyunda məğlub olduq.
- Rəqib necə təsir bağışladı?
- Azərbaycan futbolu hazırda yüksəlişdədir, bu, görünür. Təsnifat mərhələlərinin birində yığmaların görüşünü xatırlayıram (o zaman komandalar evdə 1:0 hesablı qələbə qazanmışdı - red.). Ancaq düzünü deyim, milli komanda ilə klubu müqayisə etmək, məncə, düzgün deyil.
- Siz həmçinin, ötən il “Xəzər Lənkəran”a qarşı oyun keçirmişiniz və “Fənərbaxça” 4:0 qalib gəlmişdi. Bu iki Azərbaycan komandasını müqayisə edə bilərsiniz?
- Lənkərandakı oyunu xatırlamaq istəməzdim. Hesabı özünüz də xatırlayırsınız. Baxın, özünüz kimn güclü olduğunu müəyyən edin: “Neftçi” yoxsa “Xəzər Lənkəran”.
