Xaqani Məmmədov: Təcrübə artdıqca çatışmazlıqlar aradan qalxacaq
Azerisport.az sizi Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun müsahibəsi ilə tanış edir.
- Artıq bir neçə gündü hakimlərin Antalyada təlim-məşq toplanışı keçirilir. Hazırlıq prosesi necə davam edir?
- Əvvəlcədən tərtib etdiyimiz plana əsasən işləyirik. Buraya fiziki hazırlıq üzrə məşqlər, nəzəri biliklərin artırılması və oyunların idarə olunması daxildi. Ötən müddətdə hakimlərimiz 10-dan çox oyun idarə ediblər. Misal üçün, Polşa, Ukrayna, İsveçrə və başqa ölkələrin yüksək liqa komandalarının iştirakı ilə keçirilən qarşılaşmaları qeyd edə bilərəm.
- Qış fasiləsindən sonra hakimlərin fiziki hazırlığı hansı səviyyədədi?
- Çempionata fasilə verilsə də, biz Bayıl stadionunda məşqlərimizi davam etdirirdik. Əvəllər fiziki hazırlıq üzrə məşqçimiz yox idi, hakimlərimiz tez-tez zədələnir, yüklənməyə tab gətirmirdilər. İndi belə deyil. Hakimlər təlim-məşq toplanışına hazırlıqlı şəkildə gəlirlər. Ona görə də bu toplanışda zədəsi və yorğunluğu olan hakim yoxdu.
- Ötən il qış toplanışına sabiq FIFA referisi Valentin İvanov dəvət olunmuşdu. Bu dəfə isə Aleksey Spirin nəzəri məşğələlərdə öz təcrübəsini hakimlərimizlə bölüşür. Seminarın əsas mövsuzu nə olur?
- UEFA-nın təlimatçısı olan rusiyalı Aleksey Spirini xüsusi olaraq təlim-məşq toplanışına dəvət etmişik. O, böyük təcrübəyə malik bir pedaqoqdu. Biz onun mövzularından razıyıq, o da bizim hakimlərimizin hazırlığından. UEFA-nın tədris disklərində nümayiş olunan epizodlarla bağlı verdiyi suallara aldığı cavablar onu tam qane edir. Hakimlərimizin çox hazırlıqlı olduğunu deyir. Spirinin diqqətini cəlb edən əsas məqamlardan biri də hakimlərimizin gənc olmalarıdı. Böyük perspektivə malik olan hakimlərdi.
- Qeyd etdiyiniz kimi, bu dəfə daha gənc hakimlər toplanışa cəlb olunub. Əvvəlki müsahibələrinizdə hakimlərimizin əsas çatışmazlığının yanlış mövqe seçimləri olduğunu bildirirdiniz. Yeni nəsil hakimlərdə də bu çatışmazlıq hiss olunurmu?
- Bunların hamısı təcrübə ilə əlaqədar olan məsələlərdi. Onlar təcrübə topladıqca çatışmazlıqlar da tədricən aradan qalxacaq. Hazırda hakimlərimiz üçün əsas məsələ psixoloji hazırlıqla bağlıdı. Bildiyiniz kimi, UEFA da psixoloji hazırlığa xüsusi diqqət göstərir. Oyunlar zamanı hakimlərimizin buraxdığı səhvlərin əksəriyyəti psixoloji hazırlığın yüksək səviyyədə olmaması ilə əlaqədardı. Əslində, psixoloji hazırlığın istənilən səviyyədə olmaması hakimlərin gənc olmaları ilə bağlıdı. Hakim nə qədər təcrübəli olarsa, nüfuzlu futbolçunun qarşısında özünü itirmir, daha qətiyyətli olur.
- Təlim-məşq toplanışının gedişində psixoloqun dəvət olunması gözlənir?
- Psixoloqun dəvət olunması yaxın gələcəyin işidi. Psixoloji hazırlıq daimi olmalıdı. Bu 1 günün, 1 ayın işi deyil. Hakimlər özləri də daim öz üzərilərində işləməlidirlər.
- Cari mövsümdə çempionatın 4 dövrəli sistemlə təşkil olunması oyunların sayını artırıb. Bu təlim-məşq toplanışında daha çox fiziki hazırlığa üstünlük veriləcək, yoxsa oyunların idarə edilməsinə?
- Bunlar hamısı vəhdət təşkil edir. Fiziki hazırlıq yaxşı olmasa, oyunu yaxşı idarə etmək mümkün deyil. Yaxud oyun qaydalarını yaxşı bilməsən, meydanda problemlərin olacaq. Hakim həm fiziki hazırlığa malik olmalıdı, həm də oyun qaydalarını dərindən bilməlidi. Təlim-məşq toplanışında bunlar pararlel şəkildə aparılır.
- Bu mövsüm ilk dəfə turun mərkəzi qarşılaşmalarında əlavə köməkçi hakimlərdən istifadə olundu. Bunun nə kimi müsbət tərəflərini müşahidə etmisiniz?
- Bildiyiniz kimi, bu, Avropada yeni həyata keçirilən bir sistemdi. Hesab edirəm ki, bunun müsbət tərəfləri daha çoxdu. Misal üçün, cərimə meydançasının daxilində baş hakimin görə bilmədiyi qayda pozuntusunu əlavə köməkçi hakim görür. O da baş hakimə məlumat verir. İlk dəfə bu il tətbiq etdik. Düşünürəm ki, getdikcə çatışmazlıqlar aradan qalxacaq, səhvlər daha az olacaq. (AFFA)
