Giorgi Çixradze: Simurqun növbəti rəqibləri daha güclü olacaq
“Simurq”un baş məşqçisi Giorgi Çixradze azerisport.az saytına açıqlamasında Türkiyə toplanışı çərçivəsində Almaniyanın “Felbert” komandasına qarşı keçirilmiş yoxlama oyunu haqda danışıb:
“Biz hazırlığı bu yaxınlarda başlamışıq və bu oyunu yorğunluq fonunda keçirdik. Bu gün hamını yoxlamağa çalışdım. Ancaq bu, ilk oyundur və xüsusi əhəmiyyət kəsb etmir. Qarşıda bugünkü rəqibdən güclü, daha üç rəqib olacaq. Bunu daha çox yüklənmə əldə etmək üçün xüsusi olaraq tətbiq etmişik. İki qol vurmuş Draqan Çeranı qeyd edə bilərəm. İkinci qolunu hakim hesaba almadı. Baxışda olan nigeriyalı Dominik Çattoya gəlincə, o, hələ tam hazır deyil. O, məşqlərə təzə başlayıb və bu halda, mən onu meydana 15-20 dəqiqəliyə buraxdım. Ancaq onun bizim komandada qalıb-qalmayacağı haqda nəsə demək, çətindir”.
Həmçinin, Zaqatala komandasının baş məşqçisi qeyd edib ki: “Hücumameylli müdafiəçi və ya hücumçu almaq fikrindəyik. Ötən mövsümlə müqayisədə komanda fərqli görünsə də, bu il “Simurq”un məqsədləri dəyişməyib. Bəli, heç mövsümləri də müqayisə etməyə dəyməz. Cari çempionatda daha çətindir. Belə ki, komandaların sayı azalıb və oynamaq çətinləşib”.
