David Petrkeviç: Qarabağ və Neftçiyə məğlub olub çempion olmaq da olar
“Qəbələ”nin polşalı qapıçısı David Petrkeviç azerisport.az saytına müsahibəsində Kamran Ağayevin mümkün transferi, çempionluq iddiaları və Berti Foqts haqda danışıb.
- Siz Azərbaycan mətbuatını oxuyursunuz?
- Bəli, Azərbaycan futbolu ilə bağlı hər şey mənə maraqlıdır.
- Yəqin Kamran Ağayevin sizin kluba keçə biləcəyi haqda son günlərdə yayılmış məlumatı oxumuşunuz?
- Bəli, bu qəbildən məlumatlara rast gəlirəm. Nə deyim?.. Ağayev Azərbaycan yığmasının bir nömrəsidir. Həqiqətən yaxşı qapıçıdır. Bilirəm, “Bakı”da nə baş verib ki, komandadan kənarda qalıb.
- Bəs Kamran Ağayevin keçidi ilə “çərçivədə” yerinizi itirə biləcəyiniz amili sizi narahat etmir?
- Bu haqda düşünmürəm. Mən məşq edirəm və özümə aid olmayan şeylər haqda düşünmürəm. Əgər o gələcəksə, istənilən halda qapıda kimin dayanacağına məşqçi qərar verəcək. Mən özümə əminəm.
- Mövsüm sizin üçün əsas heyətdə üç oyunla başladı. Sonra siz yerinizi Dieqo Kostaya təhvil verdiniz. Son altı turda isə yenidən bir nömrəni ələ keçirdiniz.
- Ümid edirəm ki, bu altı turda məşqçiləri etibarlı olduğuma inandıra bilmişəm.
- “Qızıl top” uğrunda Kriştianu Ronaldu və Lionel Messinin adı hallanırdı. Çox az adam Frank Riberi haqda danışırdı. “Qəbələ”nin şanslarının da fransız yarımmüdafiəçi kimi olduğunu hesab etmirsiniz?
- Xeyr. Bizm şanslarımız Riberidən çoxdur. Ancaq buna görə “Qarabağ” və “Neftçi”yə qarşı uğurlu oynamaq lazımdır. Bu komandalara qarşı bütün dörd oyunu məğlub olmuşuq. Mövsümün ikinci yarısında onları məğlub tmək lazımdır.
- Bu dörd məğlubiyyətə rəğmən, komandanız birinci pillədən cəmi bir xal geri qalır. Mövsümün sonuna qədər “Qarabağ” və “Neftçi”yə qalib gəlmədən çempion olmaq olar?
- Birbaşa rəqiblərini məğlub etmiş komanda çempion olmur. Ən yaxşı komanda bütün oyunlara əldə etdiyi xalların miqdarına görə müəyyən edilir. Düşünürəm ki, bu komandalara məğlub olub çempion da olmaq olar (gülümsəyir). Ancaq bununla belə, biz bu komandaları məğlub etməyi bacarmalıyıq. “Neftçi”yə qarşı son oyunda biz məğlubiyyətə layiq deyildik. Öz meydanımızda ağdamlıları da məğlub edə bilərdik.
- Komandanızın son yoxlama oyununda siz millinin baş məşqçisi Berti Foqtsa yaxınlaşıb onun əlini sıxdınız. Alman mütəxəssisə belə məhəbbət haradan qaynaqlanır?
- Mənim bu mütəxəssisə hörməyim var. O, yalnız Almaniya və Azərbaycanda futbol əfsanəsi deyil. Onun bizim Türkiyə toplanışı çərçivəsində yoxlama oyunumuza gəlməsi xoşdur.
- Ötən mövsüm Polşa KİV-də Azərbaycan yığması tərəfindən sizə olan maraq haqda sözləriniz yer almışdı. Sizin milimizdə əvvəlki tək çıxış etmək istəyiniz qalıb?
- İndi artıq bu haqda danışmaq istəmirəm. Ötən il bu barədə çoxlu şayiələr vardı. Əgər istəsələr, mətbuatda mənim sözlərim olmadan da çağırarlar.
