Berti Foqts: Ümid edirəm ki, yeni məşqçinin rəhbərliyi altında Abışov daha da inkişaf edəcək
Millimizin baş məşqçisi DÇ və AÇ-nin qalibi Berti Foqts bu gün toplanışda olan “Rubin”in gündəlik məşqini izləyib. Azerispsort.az xəbər verir ki, məlum səbəblərdən alman mütəxəssis yarımmüdafiəçi Ruslan Abışovu diqqətdə saxlayıb.
“Türkiyəyə Azərbaycan yığmasının oyunçularını izləməyə gəlmişəm. Bu dairədə Azərbaycandan altı komanda məşq edir. “Rubin”in məşqində isə məni Ruslan Abışov maraqlandırır. Bundan başqa, “Rubin”in məşqçisi ilə söhbət etmişəm. Burada yaxşı şərait var ki, söhbətləşəsən. Hava da xoşdur, heç bir təzyiq yoxdur. Məşqin gedişinə gəlincə, hazırda bu, məni ən az düşündürür”.
- Rinat Bilyaletdinovla tanışsınız?
- Bəli, onu tanıyıram. Almaniyada görüşmüşük. Rinat nə vaxtsa orada yaşayıb. Yeri gəlmişkən, almanca yaxşı danışır. Qarşıdakı oyunlarda ona uğurlar arzu etdim. Görünür ki, bu məşqçinin rəhbərliyi altında oyunçular özlərini rahat hiss edir.
- Bəs Ruslan Abışov haqda nə deyə bilərsiniz?
- Komandamda Abışov kimi futbolçum olduğuna şadam. O, ən yaxşı oyunçularımdan biridir. Mən onunla bir qədər söhbətləşdim. Klubda niyə mütəmadi oynamadığını soruşdum. Bilirəm ki, hər bir məşqçinin öz oyun baxışı var. Sabiq məşqçi Ruslanı əsas heyətdə görmürdü. Ümid edirəm ki, yeni məşqçinin rəhbərliyi altında Abışov daha da inkişaf edəcək. Hər halda, Ruslana uğurlar arzu edirəm.
- Sizcə, niyə Abışov klubda az oynamasına rəğmən, yığmada liderlərdən biri olaraq qalırdı?
- Abışov həqiqətən də yığmanın lideridir və ümid edirəm ki, “Rubin”də də lider olacaq. O, kifayət qədər gəncdir və xarici klubda çıxış etməyə bir qədər təcrübəsi çatmır. Əminlik çatmır. Axı o, Fransa ya İspaniyadan deyil, sadəcə Azərbaycandan gəlib. Ancaq o, meydanı yaxşı görən, yaxşı ötürmələri olan və texniki cəhətdən hazırlıqlı əla yarımmüdafiəçidir.
- Avropa Liqasında “Rubin”in “Betis”ə qarşı oyunda ehtimallarınız necədir?
- İlk oyun harada keçiriləcək? İspaniyada? Bu, “Rubin” üçün yaxşıdır. Cavab görüşünü evdə, azarkeşlərin dəstəyi altında keçirmək vacib üstünlükdür. Bu, oyunçulara inam verəcək. Düşünürəm ki, “Rubin” növbəti mərhələyə keçəcək. Komandanıza çempionatda və Avropa Liqasında uğurlar arzu edirəm. Rusiya yığmasına isə dünya çempionatında.
(Klub saytı)
