Əli Gökdəmir: Slomka güclü komandalara qarşı oyunda gənc oyunçulara şans vermirdi
Millimizin və “Hannover 96”-nın müdafiəçisi Əli Gökdəmir Türkiyə KİV-nə müsahibəsində komandasının yeni baş məşqçisi Tayfun Korkut haqda fikrini bildirməklə yanaşı, komandanın Almaniya Bundesliqasında çıxışından danışıb. Azerisport.az Gökdəmirin fikirlərini diqqətinizə çatdırır.
“Tayfun Korkutla işləməkdən qürur duyuram. Futbolçu kimi Türkiyə yığmasında 48 oyun keçirib. Karyerasının böyük qismini “Fenerbahçe” kimi böyük klubda keçirib. Öz vaxtının məşhur oyunçusu olub. Hətta meydanın kənarında dayananda o, dərhal öz görünüşü ilə seçilib”, deyə Gökdəmir sözə başlayıb.
Komandasının Antalya toplanışına gəlincə, Gökdəmir qeyd edib ki: “Ümumilikdə komandanın hazırlığı yaxşı keçir. Məşqçi tərəfindən dəyişikliklərdən sonra, onun futbola baxışı nöqteyi-nəzərindən yeni taktika ilə oynayırıq. İlk yoxlama oyununda Berlin “Herta”sı ilə 0:0 hesablı heç-heçə etdik. Oyun yaxşı alındı. Məşqçi hər kəsə oynamaq imkanı verdi. Əvvəlki məşqçimiz Mirko Slomka güclü komandalara qarşı oyunlarda gənc oyunçulara oynamaq şansı vermirdi. Ancaq Korkut “Herta”ya qarşı oyunda gənclərə şans verdi”.
Komandasının cari Bundesliqa mövsümünün birinci yarısındakı çıxışı haqda fikir söyləyən Gökdəmir, bunları söyləyib: “Slomkanın vaxtında komanda çempionatın birinci yarısında yaxşı oynayırdı. Ancaq tez-tez xal itirirdi. Qələbə qazana biləcəyimiz oyunlarda öz səhvlərimizdən qollar buraxırdıq. Elə oyunlar olub ki, toparlanma azlığı ucbatından son dəqiqələrdə qollar buraxmışıq və məğlub olmuşuq”.
Gökdəmirin sözlərinə görə, ötən mövsüm aldığı zədə, onun 2013-cü ildə çıxışına mənfi təsir göstərib: “Uzun müddət zədə üzündən normal oynaya bilmədim. Belimdə ağrılar vardı. Sonra Slomkadan məni ikinci komandaya göndərməyi xahiş etdim ki, orada oyun axarına düşə bilim. Orada yenidən forma yığdım və indi özümü əla hiss edirəm. Ümid edirəm ki, gələcəkdə də belə olacaq”.
