Slaven Biliç: İndi Azərbaycan yığmasına nəinki Foqts, heç Mourinyo da kömək edə bilməz
“Beşiktaş” “Qəbələ”nin məskunlaşdığı və toplanış keçdiyi Antalya otelində mövsümün ikinci yarısına hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, komandaların baş məşqçiləri Slaven Biliç və Yuri Syomini bir ümumi cəhət birləşdirir: hər ikisi nə vaxtsa Moskva “Lokomotiv”ində çalışıb.
Dünən məşqçilərin söhbətinin başa çatmasını ilə azeripsort.az müxbiri Biliçdən müsahibə alıb.
“Lokomotiv” haqda danışırdıq”, deyə cavab verən Biliçin bu cavabı gözlənilən idi. “Hər ikimiz nə vaxtsa orada işləmişik. Bu halda söhbət üçün mövzumuz kifayət qədər idi”.
Oyunçu Biliçin uğurları hələlik məşqçi Biliçin uğurlarından daha sanballıdır. DÇ-98-də Xorvatiya millisinin heyətində Biliç bürünc qazanıb. Həmin komanda mundialın dörddəbir finalında o zaman AÇ-nin qalibi Almaniya yığmasına heç bir şans verməyib möhtəşəm qələbəsi ilə yadda qalmışdı (3:0). Həmin oyun Azərbaycan millisinin hazırkı baş məşqçisi Berti Foqts üçün “bundestim”in sükanı arxasında son oyun olmuşdu.
Bununla belə, Biliç Foqtsun hazırkı komandasını da izləyir. “Mən sizn komandanın Rusiya yığmasına qarşı oyununa baxmışam”, deyə Biliç etiraf edib. “Komandanız əla oynadı”.
“Sizin yaxşı yığmanız var. Ancaq mötəbər yarışların final mərhələsində oynamaq üçün, siz artırmalısınız”, deyə 45 yaşlı mütəxəssis fikrini açıqlayıb.
Biliç bu amili məşqçi ilə bağlamır: “Məsələ məşqçidə deyil. Hazırda nəinki Foqts, heç Mourinyo da Azərbaycan yığmasını mötəbər yarışa daşıya bilməz”.
“Rusiya, Portuqaliya kimi yığmalarla rəqabət aparmaq hazırkı Azərbaycan yığmasının gücündə deyil. Ancaq lazımı nəticələrə nail olmaq üçün sizin kifayət qədər istəyiniz və pulunuz var”, deyə xorvat məşqçi fikrini tamamlayıb.
