Berti Foqts: Kimsə mənə necə hərəkət etməyimi göstəriş verə bilməz
Millimizin baş məşqçisi Berti Foqts Türkiyədə toplanışda olan TPL klublarına baş çəkib və azerisport.az saytının suallarını cavablayıb.
- Siz “Qəbələ” - “Topol” oyununu izlədiniz (2:1). Təəssüratınız?
- Azərbaycan komandasının oyunu mənim xoşuma gəldi. Uğurlu oyun keçirdilər.
- Yığmanın oyunçusu Elnur Allahverdiyev haqda nə deyə bilərsiniz?
- Yenicə toplanışa başlayan oyunçu haqda nə demək olar? Həmçinin, mən yalnız onu izləmirdim. Mən “Qəbələ”yə baxmaq, Yuri Syominlə fikir mübadiləsi aparmaq üçün gəlmişdim. Yeri gəlmişkən, bizim çox xoş söhbətimiz alındı.
- TPL klublarının Türkiyə hazırlığının məhz birinci mərhələsində iştirak etmək qərarını siz, yoxsa AFFA vermişdi?
- Seçim həmişə mənim tərəfimdən olur. Mən məşqçiyəm və nəyi nə vaxt etməyi daha yaxşı bilirəm. Kimsə mənə necə hərəkət etməyimi göstəriş verə bilməz.
- Hesab etmirsiniz ki, klubların hazırlığının ikinci mərhələsində təhlil üçün siz daha çox şey əldə edə bilərdiniz?
- Birinci mərhələ mənə daha vacibdir. Məhz bu mərhələdə mənə onların məşqlərdə nə etdiyini bilmək lazımdır. Çünki, çempionatın yenilənməsinə yaxınlaşdıqca, məşqlərin intensivliyi azalır və oyunçuların fiziki hazırlığını qiymətləndirmək çətin olur.
- Ümumiyyətlə Antalyada olmağınızı necə qiymətləndirirsiniz?
- Mən yaxşı məşq oyunları gördüm. Ancaq komandalarımızı müşahidə etmək imkanım hələ olacaq.
- Nazim Süleymanov “Neftçi”yə rəhbərlik edəndə siz ona beləcə və mətbuat vasitəsi ilə uğur arzulamışdınız. Onun üçün hər şeyin belə tez bitəcəyini düşünürdünüz?
- Bəli, mən ona uğur arzulamışam. O, özü “Neftçi”yə getmək qərarını verdi. Yeri gəlmişkən, mən KİV-dən öyrəndim ki, o, artıq Bakı klubunun məşqçisi deyil. “Neftçi”də baş verənlərin detallarını bilmirəm, buna görə də onun gedişi haqda mühakimə yürütmək mənə çətindir.
- Belə bir hadisə baş verəcəyini bilsəydiniz, ona qalmağı məsləhət verərdiniz?
- Onun 18 yaşı yoxdur. Onun müəyyən təcrübəsi var. Nazim yaxşı futbolçu olub və mənim ona nəsə məsləhət verməyə azacıq da olsa, istəyim olmayıb. Bu, onun seçimi idi. Digər tərəfdən, onun “Neftçi”yə gedişini xəbərlərdən öyrəndim. Nazim mənə bakılıların təklifi haqda heç nə deməmişdi. Mən onun yığmadan gedişinə təəccüblənmişdim.
- Siz Cihan Özkaranın çıxış etdiyi “Sivasspor”un baş məşqçisi Roberto Karlosla görüşməyə vaxt tapdınız. Millinin hücumçusunun öz klubunun əsas heyətində oynamaq şansı var? Bəlkə o, sadəcə, komandasını dəyişsin?
- Ona klubunu dəyişmək qətiyyən olmaz. O, ciddi komandada oynayır. O, gənc futbolçudur və iddialı “Sivasspor”da çıxış, onun yalnız xeyrinə olacaq. O, öz şansını alacaq. Karlos Cihan haqda müsbət fikir bildirdi.
- Bu mövsüm kimə rəğbət bəsləyirsiniz?
- Bizim premyer-liqada heç kimə. Ancaq Münhenqladbah “Borussiya”sına Almaniya çempionatında ümid edirəm.
