13 yanvar 2014 14:25
Anar Nəzirov: Dönüşüm gözlənilməz oldu
Xəbər verdiyimiz kimi, “Qəbələ” heyətinə daha bir futbolçu cəlb edib. Azerisport.az xəbər verir ki, Ruslan Tağızadə və Rafael Santosu rənglərinə bağlayan bölgə klubu bu dəfə qapı xəttini gücləndirib.
2010-2011 və 2012-2013 mövsümünü “Qəbələ”də keçirən, cari mövsümün ilk yarısında isə "Sumqayıt"ın qapısını qoruyan milli qolkiper Anar Nəzirov “Qəbələ” ilə bir illik müqavilə imzalayıb.
"Qırmızı-qaralar"ın Antalya toplanışına qatılan qolkiper köhnə-yeni komandası və məşq prosesi barədə fikirlərini açıqlayıb. O yenidən "Qəbələ"nin sıralarına döndüyünə görə sevincli olduğunu bildirib:
"Qəbələ" mənim üçün doğma klubdu. Yenidən keçmiş komandama döndüyümə görə sevincliyəm. Düzünü desəm, dönüşüm gözlənilməz oldu. Çalışacağam komandama yararlı olum, mənə bəslənən ümidləri doğruldum. "Qəbələ" rəhbərliyinin, azarkeşlərimizin bu mövsüm üçün yüksək hədəfləri var, kollektivdən uğur gözləyirlər. Digər komanda yoldaşlarım kimi gücümü ortaya qoyub uğur qazanmaq üçün səy göstərəcəyəm. Artıq "Qəbələ"nin düşərgəsində məşqlərə başlamışam. İnanıram ki, ikinci yarının startına kimi istənilən səviyyədə olacağam".
Dosye
Anar Nəzirov
Amplua: Qapıçı
Doğulduğu tarix: 08.09.1985
Doğulduğu yer: Azərbaycan
Vətəndaşlığı: Azərbaycan
Oynadığı klublar: “Gəncə” (2005-2006), “Turan” (2007-2008), “Neftçi” (2008-2009), “Standard” (2009-2010), “Qəbələ” (2010-2011), “Turan” (2011-2012), "Qəbələ" (2012-2013), "Sumqayıt" (2013)
Boyu: 1,79 m
Çəkisi: 71 kg
