Cihan Özkara: Roberto Karlos dəfələrlə mənə güvəndiyini bildirib
Millimizin və “Sivasspor”un hücumçusu Cihan Özkara azerisport.az saytına müsahibəsində özünün “Dənizlispora” keçidi haqda məlumatı təkzib etməklə yanaşı, milli komanda və öz qardaşı haqda danışıb.
- Son vaxtlar yerli KİV-də haqqınızda çox yazırlar. Oxuyursunuz?
- Bəli və özüm haqda çox şey öyrəndim. Oxuduqlarım məni həmişə sevindirmir. Görəsən bu qədər məlumat haradan götürülür? “Dənizlispor” məni və iki oyunçunu icarəyə götürmək istəyirdi. Ancaq mən heç yerə getmirəm. Mənə burda kifayət qədər rahatdır. Roberto Karlos dəfələrlə mənə güvəndiyini bildirib. 22 yaşım var və mən heç yerə tələsmirəm.
- Mövsümün axırında “Sivasspor”la müqaviləniz başa çatır. Bəs onda?
- Müqavilə müddətini artırmaq haqda danışıqlar olub. Hansı müddətə hesablanacağını bilmirəm. Ancaq çox güman ki, mən burada qalacağam. Bəli, mən mütəmadi oynamıram, ancaq belə komandada meydana hər çıxış vacibdir mən tez-tez ikinci hissədə meydana çıxıram və özümü komandanın uğurlarına aid edirəm. Biz 6-cı sırada gedirik və keyfiyyətli futbol göstəririk. Elə bilirsiniz ki, əsas heyətə düşmək asandır? Roberto Karlosun rəhbərliyi altında hər oyun, mənim üçün bir əlamətdar hadisədir. O, mənə çox şeylər verib. Sivasda qalmaqla mən ancaq qazanacağam.
- Yayda sizin Azərbaycan klublarından birinə keçəcəyiniz haqda məlumat yayılmışdı. Təklifləriniz olub?
- Bütün bunlarla agentim məşğul olur. Mən hətta bilmirəm ki, mənə maraq varmı. Varsa, bu, çox xoşdur. Ola bilər ki, mən nə vaxtsa premyer-liqada çıxış edim. Ancaq indi yox. Mən Azərbaycanı sevirəm və onu Superliqada təmsil etmək istəyirəm. Axı bu, güclü yarışdır.
- Premyer-liqanı izləyirsiniz?
- Daha çox yığma üzrə həmkarlarımın çıxışı ilə maraqlanıram. Kimin necə oynadığına baxıram. Onların uğurlarına sevinirəm. Ruslan Abışov “Rubin”ə keçəndə inanılmaz dərəcədə sevindim. O, yaxşı insan və böyük peşəkardır. Hesab edirəm ki, bizimkilər xaricdə nə qədər çox olsa, bir o qədər yaxşıdır.
- Yeri gəlmişkən, qardaşınız Azərbaycanın şərəfini qoruyacaq?
- Sözsüz. Mənim kiçik qardaşım hər şeydə məni dinləyir və yolumla gedir. Bəli, o, özü də Azərbaycanda oynamaq istəyir. O, Valentin Qranatkinin xatirə turnirində iştirak etməli idi. Ancaq dəvətin gecikməsi ilə yarışı buraxmalı oldu. Ancaq növbəti toplanışda o, mütləq olacaq. Ondan yaxşı müdfiəçi çıxa bilər (gülümsəyir).
- Berti Foqtsun öz vəzifəsində qalmayacağından qorxmurdunuz ki, sizi Azərbaycan yığmasına çağırmazlar?
- Əgər milliyə çağırışa layiqəmsə, hesab edirəm ki, istənilən məşqçinin rəhbərliyi altında çağırılacağam. Əlbəttə, sevinirəm ki, alman mütəxəssis qaldı. Foqts Azərbaycanda daimi işləməyəcək, ancaq o, yığma ilə artıq uğura nail olub. Yeri gəlmişkən, 2013-cü ildə böyük tərəqqiyə nail olmuş Rüfət Dadaşovu qeyd etmək istərdim.
