11 yanvar 2014 19:00
Nikolay Adam: Feyr-pley qaydalarına zidd heç nə baş vermədi
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Belarus və Azərbaycan yığmaları arasında bu gün keçirilmiş oyundan sonra komandamızın baş məşqçisi Nikolay Adam fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis qələbə qazandığımız (1:1, penaltilərlə 4:2) görüşü belə şərh edib:
“Birinci hissədə yaxşı təsir bağışlamadıq. Bəxtimiz gətirdi ki, fasiləyə qədər hesabda geri düşmədik. Fasilədən sonra daha yaxşı oynadıq.
Oyunda sərtlik, bəzi hallarda kobudluq olsa da, feyr-pley qaydalarına zidd heç nə baş vermədi. Ümumiyyətlə, həmişə komandamın üzvlərindən sərt, lakin qaydalar çərçivəsində oynamalarını xahiş edirəm.
Turnirə qədər keçdiyimiz hazırlığın təfərrüatlarına varmaq istəmirəm. Təkcə bir faktı deyim ki, hücum xəttində yer alan futbolçular ilk dəfə bu turnirdə birgə oynadılar. Hazırlıq üçün vaxtımız az oldu. Güclü komandalarla qarşılaşdıq. Futbolçulara və məşqçilər korpusuna turnir ərzindəki fəaliyyətlərinə görə təşəkkür edirəm”.
