11 yanvar 2014 18:55
Viktor Borel: Komandanın ən böyük çatışmazlığı məhsuldarlığın aşağı olmasıdı
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Belarus və Azərbaycan yığmaları arasında bu gün keçirilmiş oyundan sonra rəqib komandanın baş məşqçisi Viktor Borel Adam fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, məğlub olduqları (1:1, penaltilərlə 2:4) görüşü belə şərh edib:
“Ümumilikdə, komandamın çıxışından razıyam. Doğrudu, hesabda irəlidə olduğumuz halda oyunun taleyinin penalti seriyasında həll edilməsinə mane ola bilmədik. Amma futbolçuların da vəziyyətini anlamalıyıq. Çox qısa zaman kəsiyində 5 oyun keçirmək asan deyil. Yaratdığımız qol epizodlarından yararlana bilsəydik, nəticə fərqli olardı. Bu komandanın ən böyük çatışmazlığı məhsuldarlığın aşağı olmasıdı. Müdafiə inamlı oynasa da, hücumda istədiyimizi əldə etməkdə çətinlik çəkirik.
Turnirin təşkilatçılarına təşəkkür edirəm. Oyundan-oyuna komandamın inkişafı hiss olunurdu. Belə turnirlərdə mütəmadi iştirak bizim üçün çox faydalı ola bilər. Buradakı oyunlar əsasında artıq komandamın əsas heyətini müəyyənləşdirdik”.
