9 yanvar 2014 00:33
Rail Məlikov: Forma yığıb komandama kömək edəcəyəm
Uzun fasilədən sonra yenidən komanda ilə məşqlərə başlayan “Qəbələ”nin müdafiəçisi Rail Məlikov bu münasibətlə fikrini bölüşüb. Azerisport.az klub saytına istinadən xəbər verir ki, Məlikov bunları söyləyib:
"Antalya toplanışının başından bəri komanda ilə məşqlərə qatılıram. Amma hələ ki, topsuz məşq edirəm. Həkim və məşqçilərin nəzarəti altında çalışıram. Günün ikinci yarısında əsasən fitness salonunda məşq edirəm".
Üç aydan artıq yaşıl meydanlardan uzaq düşən təcrübəli müdafiəçi özünü hazırda fiziki olaraq formada hiss etdiyini söyləyib. Rail futbol üçün darıxdığını deməyi də unutmayıb: "Fiziki olaraq özümü formada hiss edirəm. Amma toplu çalışmalar üçün əməliyyatın üzərindən ən az 4 ay keçməlidir. Yəqin ki, 10 gün sonra toplu məşqlərə başlayacağam. Futbol üçün çox darıxmışam. İnanıram ki, tez bir zamanda istədiyim formanı yığıb komandama kömək edəcəyəm".
