9 yanvar 2014 18:18
Vladimirs Babiçevs: Hesabın bərabərləşməsi oyunda dönüş nöqtəsi oldu
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Azərbaycan və Latviya yığmaları arasında bu gün keçirilmiş oyundan sonra rəqib komandanın baş məşqçisi Vladimirs Babiçevs fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Bu komandada qısa müddətdir ki, çalışıram. Yəqin ki, müşahidə etdiniz, bu gün oyunun gedişində futbolçulara, demək olar ki, heç nə demirdim. Bununla, əslində, adətimə xilaf çıxdım. Çünki adətən oyun boyu lazımi göstərişlər verirəm. Bugünkü susqunluğumun məqsədi komandanın kənar müdaxilə olmadan müxtəlif vəziyyətlərdə necə davranmasını müşahidə etmək idi. Heyətdə əsl liderlərin olub-olmamasını müəyyənləşdirmək istəyirdim.
Oyundan əvvəl də, fasilədə də futbolçulara demişdim ki, qələbə uğrunda son ana qədər mübarizə aparmaq lazımdır. Çünki heç bir rəqib qələbəni hədiyyə etmir".
