8 yanvar 2014 11:11
Kamran Ağayev: Bakı icazə versə, başqa kluba keçə bilərəm
Futbol üzrə Azərbaycan millisinin və "Bakı"nın qapıçısı Kamran Ağayev azerisport.az saytına müsahibəsində komandadan ayrılmasına, "Qəbələ"nin onunla maraqlanmasına münasibət bildirib.
- Mətbuatda informasiya yayılıb ki, "Bakı" klubundan ayrılırsan?
- Yanvarın 7-də istirahətdən qayıtmışam. Bu barədə heç bir məlumatım yoxdu. Komandamız yanvarın 11-də toplanır. Ona görə dediyiniz məsələ haqda heç nə deyə bilmərəm. "Bakı" klubundan mənə heç nə deyilməyib. Yayılan informasiyalar həqiqət deyil.
- "Bakı"nın vitse-prezidenti Yaşar Seyidov açıqlama verib ki, hər şey baş məşqçi Milinko Pantiçdən açılıdı...
- Komandanın baş məşqçisi var. Milinko Pantiç kimi istəsə, heyətdən uzaqlaşdıra bilər. Səhv etmirəmsə, 2 gün sonra Bakıda olacaq. Həmin vaxt bütün məsələlərə aydınlıq gələcək. İstənilən halda mənim klubdan ayrılmağım müzakirə olunmur. Axı niyə "Bakı"dan ayrılmalıyam?
- Deyilənə görə intizamsızlığa görə...
- Xahiş edirəm, Pantiç gələndə soruşarsınız Kamran nə edib? Daim yığmada və klubda canla oynamışam. Heç vaxt intizamsızlıq olmayıb. Komandadan qovulmağım üçün əsas olmalıdı. Heç bir əsas olmadığı üçün bu informasiyalara münasibət bildirmək istəmirəm.
- "Bakı" klubunda oynadığın vaxtda rəhbərlikdən özünə qarşı pis münasibət görmüsən?
- Xeyr. Hər şey qaydasında olub. "Xəzər Lənkəran"dan ayrılandan sonra paytaxt klubuna keçdim. İlk oyunlardan komandaya faydalı olduğumu göstərməyə çalışdım. Sadəcə, hər dəfə haqqımda belə məlumatların yayılması məni narahat edir.
- Əminsən ki, Pantiçin "qara siyahısı"nda yoxsan?
- Bizim aramızda heç bir problem yoxdu. Amma əgər mətbuat yazırsa deməli, nəsə eşidiblər. Hələlik, klubdan mənə heç nə deyilməyib. Sadəcə, od olmayan yerdən tüstü çıxmaz.
- Başqa klubların sənlə maraqlandığı deyilir...
- "Bakı" klubunda hər cür şərait var. Komandamdan razıyam. Klubu tərk etmək barədə düşünmürəm. Mənimlə maraqlanan olsa belə, "Bakı" ilə danışıq aparılmalıdı. Çünki, qüvvədə olan müqaviləm var. Müqaviləm 1 il sonra başa çatır.
- "Qəbələ"nin sənin transferində maraqlı olduğunu eşitmişik...
- Mənimlə danışıq aparılmayıb. "Bakı" ilə müqaviləm var. Ona görə danışıqlar klubla aparılmalıdı. Hazırkı dönəmdə mən "Bakı"ya məxsusam.
- Sən özün "Qəbələ" yə və ya başqa komandaya keçmək istəyirsən?
- Hər şey "Bakı" rəhbərliyindən asılıdı. Müqaviləylə onlara məxsusam. Əgər məni istəyən komanda "Bakı" ilə razılığa gəlsə, ona problem yoxdu. Yəni "Bakı" rəhbərliyi necə istəsə, elə də olacaq. Klubdan ayrılmağımı istəsələr, başqa variantlar barədə düşünməliyəm. İcazə versələr, başqa kluba keçməyim problem deyil.
