7 yanvar 2014 00:30
Kurtar rəsmən Rəvanda!
Xəbər verdiyimiz kimi, "Rəvan”ın yeni baş məşqçisinin adına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, ötən gün Türkiyənin sayılıb-seçilən mütəxəssislərindən olan Güvənc Kurtar ilə rəsmi müqavilə imzalanıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, müqavilə 1 il müddətinə nəzərdə tutulub.
Futbolçu karyerası ərzində "Beşiktaş”, "Mersin İdman Yurdu”, "Bursaspor”, "Altay” və "Kocaelispor”da çıxış etmiş 63 yaşlı mütəxəssis məşqçiliyə 1990-cı ildə başlayıb. İlk iş yeri "Darıca Gənclərbirliyi” olan Kurtar daha sonra "Kocaelispor”, "Sarıyer”, "Petrolofisi”, "Əskişəhərspor”, "Zeytinburnuspor”, "Diyarbəkirspor”, "Elazığspor”, "Akçaabat Sebatspor”, "Çaykur Rizəspor”, "Dənizlispor”, "Bursaspor”, "Altay” və "Adana Dəmirspor”da fəaliyyət göstərib.
Futbolçu kimi 1979/80 mövsümündə "Kocaelispor”un elitaya çempion kimi yüksəlməsinə hərtərəfli yardım edən Kurtar həmin mövsüm bombardir olmağı da bacarıb. Özü də o, final matçında həm oyunda, həm də penaltilər seriyasında qol vurub. 12 il sonra bu uğuru məşqçi kimi təkrarlayıb. Onun çalışdırdığı "Kocaelispor” 1991/92 mövsümündə çempion olaraq elitaya yüksəlib. Üstəlik, Güvənc hoca dərhal da yüksək liqada iddialı komanda yaratmağı bacarıb. Onun rəhbərliyi altında çempionluğa oynayan "Kocaelispor” "Fənərbaxça”nı qabaqlayaraq mövsümü 4-cü sırada bitirmiş və Türkiyəni UEFA Kubokunda təmsil etmək hüququ qazanmışdır. 2000/01 mövsümündə isə Kurtar "Diyarbəkirspor”u Superliqaya çıxarmağa nail olub.
