7 yanvar 2014 11:05
Kurtar: Azərbaycanda çox qalmaq istəyirəm
"Rəvan"ın yeni baş məşqçisi Güvənc Kurtar azerisport.az saytına müsahibəsində komandanın hədəfləri, gələcək planları barədə danışıb.
- "Rəvan"ın futbolçularıyla tanış ola bildiniz?
- Bir neçə gün ərzində komandayla tanış olmaq mümkün deyil. Legionerlərin bəziləri hələ Bakıya qayıtmayıb. Ona görə qarşıdakı günlərdə komandayla bütövlüklə tanış olmağa çalışacam. Rəhbərlik tez bir zamanda komandanı bu vəziyyətdən çıxarmaq istəyir. Qısa zamanda çempionatın qalan hissəsinə hazırlaşaraq daha yaxşı oynamağa çalışacayıq.
- Sizcə, komandanın əsas problemi nədədi?
- Oyunlara diskdə baxmışam. Müdafiədə ciddi problemlər var. Çoxlu sayda qol buraxmışıq. Fikrimcə müdafiənin üzərində çalışmalıyıq. Hələ futbolçuları tanımadığımdan dəyişiklik barədə qəti söz deməyə çətinlik çəkirəm. Transfer dönəmində bir neçə yeni futbolçunun "Rəvan"a cəlb olunacağı mümkündü.
- Rəhbərlik qarşısınızda hansı hədəfləri qoyub?
- Azərbaycan kuboku və çempionatında mümkün qədər irəli getməyə çalışacayıq. "Rəvan"ın indiki durumu qənaətbəxş deyil. Ona görə heyəti gücləndirmək lazımdır. Bundan sonra isə liderlərə başağrısı ola biləcək komanda yaratmaq istəyirəm. Etiraf edim ki, aradakı xal fərqi çoxdu. Amma Azərbaycanda çox qalmaq istərdim, ona görə yaxşı nəticə göstərməyə çalışacam.
- Müqavilənizin müddəti nə qədərdi?
- İlk olaraq mövsümün sonuna qədər razılaşmamız olacaq. Ondan sonra yeni müqavilə haqda düşünmək olar. Azərbaycan çempionatı mənim üçün özgə yarış deyil. Komandalarınız haqda az da olsa məlumatım var. "Neftçi"nin 2 il öncə Avropa Liqasında qrupda mübarizə apardığını bilirəm. Mustafa Dənizliylə birlikdə Azərbaycan futbolunun inkişafı üçün çalışmaq istəyirəm.
- "Rəvan" tez-tez məşqçi dəyişir. Bu sizi qorxuzmur?
- Mənim üçün bu vacib deyil. Əgər komanda pis çıxış edirsə rəhbərlik qəti qərar qəbul etməlidir. Nəticələr pisdirsə məşqçi özü getməlidir. İndiki halda komandanı düzəltməyə çalışırlar. Dəyişiklik hər bir komandada ola bilər. Uğurlu nəticə olsa məşqçilər tez-tez dəyişməz.
- Neçə transfer gözlənilir?
- Komandada rəqabət yaratmaq istərdim. Müdafiəni gücləndirmək lazımdır. İmkan daxilində bir hücumçuya ehtiyacımız var. Dəqiq transfer çalışmalarını Antalyada olduğumuz zaman söyləyə bilərəm. Bir neçə futbolçu baxışa gələcək. Sonda ən yaxşılarını seçəcəyik.
- Qısa müddətli müqavilə imzalamağınız nə ilə əlaqədardı?
- Komandanı daha yaxşı tanımaq istəyirəm. Uzun müddətli müqavilə imzalamaq problem deyil. Əsas uğur olmalıdır. "Rəvan" rəhbərliyim altında yaxşı nəticə göstərsə onda müqaviləni yeniləmək mümkün olacaq. Əks halda komandada çox qala bilməyəcəm.
