6 yanvar 2014 16:33
Rafael Santos Qəbələdə (FOTO)
Bu gün Antalyada hazırlığa start verən “Qəbələ” sıralarını yeni futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, ötən mövsüm Kiyev “Arsenal”ında çıxış etmiş Rafael Santos karyerasını “Qəbələ”də davam etdirəcək.
Braziliyalı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 29 yaşlı futbolçu Antalyada “qırmızı-qaralar”ın düşərgəsində məşqlərə başlayıb.
Karyerasına Braziliyanın “Ponte-Preta” (2003-2006) klubunda başlayan Rafael Santos ölkəsində daha sonra “İnternasional” (2006-2007) və “Atletiko Paranaense”nin (2007-2011) şərəfini qoruyub. Sonuncu klubda olarkən Salvadorun “Vitoriya” (2008) və İtaliyanın “Bolonya” (2009/10) komandalarında icarə əsasında çıxış edib.
Rafael ötən il qısa müddət ölkəsinin “XV de Pirasisaba” klubunda oynayıb. Daha sonra Kiyev “Arsenal”ı ilə müqavilə bağlayan futbolçu sözügedən komandada 1 il çıxış edib.
