4 yanvar 2014 11:10
Şahin Diniyev: İş xətrinə baş məşqçi olmaq istəmirəm
"Rəvan"ın sabiq baş məşqçisi Şahin Diniyevin azerisport.az saytına müsahibəsi
- Şahin bəy, istefanıza səbəb nə oldu?
- Komandanın göstərdiyi nəticələrdən razı qalmadım. Eyni zamanda gələcəkdə "Rəvan"a xeyir verə biləcəyimə əmin olmadığım üçün bu addımı atdım.
- Əksəriyyət sizin istefaya göndərildiyinizi düşünür?
- Bu, belə deyil. "Rəvan"dan ayrılmaq barədə qərarı özüm qəbul etmişəm. Rəhbərliklə danışdım, onlar fikrimə hörmətlə yanaşdı. İstefamı qəbul etdiyi üçün rəhbərliyə təşəkkür edirəm.
- Özünüzə əmin olmadığınızı deyirsiz. Komandaya gələndə "Rəvan"a kömək edə bilməyəcəyinizi hiss etmirdiz?
- Komandaya gələndə başqa cür düşünmüşdüm. Reallıqda tam fərqli oldu. İstədiyim alınmadı. İş xətrinə baş məşqçi olmaq mənlik deyil. Əgər istədiyim nəticələri göstərə bilmirəmsə, getsəm yaxşıdı.
- İstefanızla bağlı rəhbərliyə nə vaxt müraciət etdiniz?
- İlk söhbətimiz 3 gün əvvəl oldu. İstefam yanvarın 3-də saat 21-22 radələrində qəbul edildi. Niyə soruşursuz?
- Yanvarın 2-dən Türkiyə mətbuatında Güvənc Kurtarın "Rəvan"a baş məşqçi təyin olunacağı yazılıb. Deməli, rəhbərlik artıq axtarışda olub...
- Bu, klubun daxili işidi. Qərarımı dəyişməyəcəyimi bilərək yeni məşqçinin axtarışına çıxmaq normaldı. Seçim onlara məxsusdu. Rəhbərliyin qərarına hörmətlə yanaşıram.
- Bu kluba gəldiyinizə görə peşmansız?
- Qətiyyən peşman deyiləm. Ümumiyyətlə, peşman olmaq mənə aid məsələ deyil. Hər bir iş yerində nəsə qazanmışam. Burada da qazandıqlarım da oldu, itirdiklərim də.
- Bəlkə rəhbərlik sizə inanmadığına görə bu addımı atıb...
- İstefanı mən vermişəm. Rəhbərlik tərəfindən inamsızlıq olmayıb. İşlədiyim müddətdə rəhbərlikdən ancaq yaxşılıq görmüşəm. Mən yaxşılığı itirən insan deyiləm. Ona görə yalan danışa bilmərəm. Rəhbərliklə aramda heç bir problem yoxdu.
