30 dekabr 2013 11:00
İnter üçün 2013-cü ilin ən düşərsiz rəqibi
2013-cü il başa çatır. Azerisport.az xəbər verir ki, bu il “İnter” üçün çempionatda növbəti bürünc medal qazanmasıyla və bunun ardından avrokubokda iştirak etməsiylə əlamətdar oldu. Bu materialda rəqəmlərin prizmasından başa çatmaqda olan ilə nəzər salacağıq.
39 matçın yarısında qələbə
“İnter” 2013-cü ildə 39 matç keçirib. 32 qarşılaşma yerli çempionatın payına düşür, 4 oyun UEFA Avropa Liqası çərçivəsində baş tutub və 3 matçda komanda Azərbaycan Kuboku uğrunda keçirilən oyunlarda meydana çıxıb. “İnter” bu oyunların yarısında qalib gəlib - 19 qələbə (16 qələbə çempionatda, 2 qələbə Avropa Liqasında və 1 qələbə ölkə kubokunda), 8 matçda heç-heçə qeydə alınıb (5 heç-heçə çempionatda, 1 heç-heçə Avropa Liqasında və 2 heç-heçə kubokda) və 13 matçda komanda məğlubiyyətə uğrayıb (12 məğlubiyyət çempionatda və 1 məğlubiyyət Avroliqada).
60-42=18
Komanda 2013-cü ili vurulmuş və buraxılmış qolların müsbət balansıyla başa vurur - 18 top. “İnter” 2013-cü ildə ümumilikdə 60 dəfə fərqlənib (46 qol çempionatda, 4 qol Avropa Liqasında və 10 qol Azərbaycan Kubokunda). Komandanın öz qapısından buraxdığı qolların sayı isə 42-yə bərabərdi (36 qol çempionatda, 3 qol Avropa Liqasında və 3 qol kubokda).
“Şuşa”, “Simurq”, “Rəvan”
2013-cü ildə “İnter” ən böyük qələbəsini kubok oyunları çərçivəsində “Şuşa”ya qarşı keçirdiyi matçda əldə ediB. Həmin oyunda komanda rəqibini 7:0 hesabıyla məğlubiyyətə uğratdı. Bundan başqa, komanda “Simurq”a (5:0) və “Rəvan”a (5:1) böyük hesabla qalib gəlib.
“İnter” 2013-cü ildə heç bir komandaya 2-dən artıq top fərqilə uduzmadı. "Bankirlər" daha çox “Neftçi”yə (4 dəfə) və “Qarabağ”a (3 dəfə) məğlub olub. Bu komanda hamıdan çox “Qəbələ”ni - 5 oyunun 3-də və "Bakı"nı - 6 oyunun 3-də məğlub edib. Digərlərindən fərqli olaraq “İnter” 2013-cü ildə ən çox məhz “Bakı”yla qarşılaşıb - 6 dəfə. Bu görüşlərin heç birində “İnter” paytaxt klubuna məğlub olmayıb - 3 qələbə və 3 heç-heçə. (klub saytı)
