30 dekabr 2013 13:35
Aleksandr Əliyev: Mən "Qəbələ"yə keçmək haqda düşünmürəm
Ukraynanın "Dinamo" (Kiyev) klubunun yarımmüdafiəçisi Aleksandr Əliyevin "Qəbələ"yə keçəcəyi barədə informasiyalar yenidən çoxalmağa başlayıb. Azerisport.az xəbər verir ki, hələ yayda da Yuri Syominin Ukrayna yığmasının Azərbaycan əsilli futbolçusunu ölkəmizə gətirəcəyi barədə xəbərlər dolaşırdı.
İndi onun "Dinamo" ilə müqavilə müddətinin başa çatmaq üzrə olması bu yöndə iddiaların sayını artırıb. Qeyd edək ki, Əliyevin Kiyev klubu ilə anlaşmasının müddəti sabah - dekabrın 31-də bitəcək.
Lakin futbolçu özü bu informasiyaları təkzib edib: "Mən "Qəbələ"də? Bu barədə söhbət də gedə bilməz. Azərbaycan futboluna böyük hörmətim var. Amma mənim öz planlarım var və bu, sizin çempionatla bağlı deyil. Gələcəkdə harada oynayacağımı sizə deyə bilmərəm. Mənim bütün işlərimlə agentim məşğul olur. Tezliklə harada oynayacağımı siz də biləcəksiz".
