29 dekabr 2013 00:33
Mindauqas Kalonas: İndiki halda Qəbələ və Qarabağ Bakıdan güclüdü
"Bakı"nın futbolçusu Mindauqas Kalonas azerisport.az saytına müsahibəsində milli çempionatdakı oyunlardan, rəqabətdən və gələcək karyerasından danışıb.
- Topaz Premyer Liqasının ilk yarısı "Bakı" üçün uğurlu olmadı. Komanda çoxlu sayda xal itirdi...
- Təəssüf ki, siz haqlısız. Komandamız çoxlu səhvlərə yol verdi. Xallar itirdik. Müdafiədə boşluqlar çox oldu. Bu qədər qol buraxacağımıza inanmazdım. Hər oyunda çoxlu səhvlər edirik. Çempionluğa oynayan komandanın müdafiəsi belə oynamamalıdı. Yanvarda səhvlər üzərində işləməyə vaxtımız olacaq. Gərək fevralda çempionata tam başqa komanda kimi qayıdaq.
- "Qəbələ"yə məğlubiyyətin səbəbi nə oldu?
- Oyun baxımından rəqibə uduzmadıq. 90 dəqiqə kifayət qədər normal mübarizə oldu. Bir neçə qol şansı yaratdıq. Amma istifadə etmədik. Biz şansları boşa verdikcə rəqib maksimum yararlandı. "Qəbələ" yaxşı komanda olsa belə, uduzmamalıydıq. 2 top buraxdıq və onların əvəzini çıxa bilmədik. İtirilən xallar sonra bizə çox lazım olacaq.
- Bəlkə komandada problem var? Çünki "Bakı" sabit oyun sərgiləmir...
- Heyətdə uyğunlaşma başa çatır. Güclü futbolçularımızdan qurulan heyətimiz var. Sadəcə, bəxtimiz gətirmir. Əlbəttə ki, buraxılan qolları unutmamalıyıq. Gərək əvvəlcə öz qapını qoruyasan, sonra rəqib qapısına qol vurmaq barədə düşünəsən. Əgər qol buraxırsansa, necə qalib gələ bilərsən?
- Çoxları elə düşünür ki, çempionatda "Bakı"nın şansları yoxdu...
- Səhv fikirdi. Qarşıda bizi 18 tur gözləyir. Bu sayda oyunla hər şey dəyişə bilər. Çünki, liderlər də xal itirəcək. Hələ heç nə məlum deyil. Fevralda komandaların çoxu başqa oyun göstərəcək. Fasilədən daha yaxşı istifadə edən uğur qazanacaq. "Bakı"nın medal şansları az deyil. Sadəcə, daha çox görüşdə qələbə qazanmalıyıq.
- "Qarabağ" və "Qəbələ" üst pillələrdə qərarlaşıb. Deməli onlar sizin komandadan güclüdü?
- Deməli, çempionatın ilk yarısında onlar bizdən yaxşı oynadı. Əgər qələbə qazanmasaydılar, liderlər qrupunda olmazdılar. Onlar indiki halda bizdən güclüdülər. Hər iki komandada oturuşmuş heyət var. "Qəbələ"də futbolçular bir-birilərini çox gözəl başa düşür. Həmin sözləri "Qarabağ"a da aid etmək olar.
- Hansı komandaya qarşı oynamaq çətinlik yaradır?
- "Qarabağ"a qarşı oynamaq çətinlik yaradır. Onlar topla daha çox hərəkət edirlər. Səhvləri maksimum dəyərləndirirlər. Onların heyəti uzun müddətdi bir yerdə mübarizə aparır. Bəlkə əsas səbəb budu.
- "Bakı"nın bütün diqqəti ölkə kubokuna yönəltməsi daha yaxşı olmazdımı?
- Bizim şansımız həm çempionatda, həm kubokda var. Buna görə sona qədər mübarizə aparacağıq. Çempion mayda məlum olur. Ona görə hələ tələsmək lazım deyil.
- Mətbuatda "Bakı"nı tərk etmək barədə düşündüyünüz yazılırdı...
- Hazırkı klubumla yaya qədər müqaviləm var. Bütün fikrim komandamın uğur qazanaraq avrokuboklara düşməsinə yönəlib. Azərbaycandan və əcnəbi klublardan təklif aldığımı gizlətmirəm. Lakin müqaviləm olduğu üçün klubumu dəyişmək barədə düşünmürəm. Yayda "Bakı" məni sərəncamında görmək istəməsə, onda başqa variantları nəzərdən keçirəcəm.
