27 dekabr 2013 17:55
Ramin Musayev: Təəssüf ki, Dənizli Neftçiyə keçmədi
PFL rəhbəri Ramin Musayev azerisport.az saytına müsahibəsində TPL mövsümünün ilk yarısı haqda fikrini bildirib.
- TPL mövsümünün ilk yarısından sonra, hansı komandanın oyununu qeyd etmək istərdiniz?
- “Sumqayıt” desəm, yəqin ki sizi təəccübləndirmiş olaram. Ancaq bu klubun oyunu mənə doğrudan da xoş gəlir. Baxmayaraq ki onlar yarış cədvəlində son pillədə qərarlaşıblar. “Xəzər Lənkəran”ı da qeyd etmək istərdim. Ancaq fərqli, mənfi nöqteyi-nəzərdən. “Xəzər Lənkəran” belə pis oynamamalı, özünə yaraşmayan bu pillədə qərar tutmamalıdır. Fərəhlidir ki, son üç turda yaxşıya doğru irəliləyiş müşahidə olunur.
- Siz yarış cədvəlinin aşağılarında qərarlaşmış komandaları qeyd etdiniz. Bəs liderlər - “Qarabağ”, “Qəbələ” və “Neftçi”?
- Onlar haqda nə deyim? Axı liderlərdir.
- Yaxşı və pis tərəfdən təəccübləndirmiş futbolçulara keçək.
- Mütləq kimsəni isə seçmək çətindir. Xüsusilə yaxşıları.
- Məşqçiyə gəlincə?
- Mustafa Dənizli. İnanmazsınız, amma nə vaxtsa mən onu “Neftçi”yə dəvət etmək istəyirdim. Ancaq bu, Qurban Qurbnov və Vlastimil Petrjelanın vaxtında olub. Təəssüf ki, alınmadı. Dənizli yaxşı mütəxəssisdir, gözəl insandır. Ümid edirəm ki, Lənkəranda uğur qazanacaq.
- Azərbaycan futbolunda sizi nə təəccübləndirir?
- Təəccüb yoxdur, amma təəssüf var... Təəssüf ki bir çox klub rəhbərləri və təmsilçiləri problemini kökünü özlərində yox, kənarda axtarır.
- Sizin həll edə bilməyəcəyiniz hər hansı problemlər var?
- Bir problem var ki, mən onu həll etməyi çox istərdim. Bu, azarkeşlərlə bağlı məsələdir. Onların stadionlara dönməyini çox istəyirəm. Oyunlarda istədiyimiz qədər azarkeşi görə bilmirik.
- Siz mətbuatla kifayət qədər asan dil tapırsınız. Usandığınız sual və ya suallar var?
- Son vaxtlar müsahibələrdən bir qədər kənara çəkilmişəm. Buna rəğmən, jurnalistləri dostlarım hesab edirəm. Buna görə də yorulub usandığım sual yoxdur.
