27 dekabr 2013 00:44
Topaz Premyer Liqasının ilk yarısının Xəmsəsi
2013-14-cü illər futbol üzrə Topaz Premyer Liqasının ilk yarısı başa çatıb. Azerisport.az mövsümün ilk yarısının daha çox diqqətçəkən beş təmsilçisi haqda şərhi təqdim edir.
Reynaldo
“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi bu il nəinki komandasında, çempionatda ən yaxşı idi. 7 qol vurmuş Reynaldo öz oyunu ilə azarkeşlərin qəlbini fəth etdi. Sürətli, texnikalı, qol duyumlu futbolçu, nəinki “Qarabağ”, eləcə də ölkənin futbol azarkeşlərinin ürəyinə yol tapa bildi.
Mahir Şükürov
“Neftçi”nin vitse-kapitanı yarım mövsüm ərzində özü haqda layiqli təəssürat yarada bildi. Bir tərəfdən qolları komandaya xeyir gətirdi. Xüsusi ilə “Qəbələ”yə son saniyələrdə vurduğu qol əlamətdar idi. Digər tərəfdən isə, onun davranışlarını peşəkara yaraşdırmaq olmaz. Azarkeşlərin ünvanına təhqir (hansı komandaya fərqi yoxdur və fakt, fakt olaraq qalır), rəqiblərlə meydanda söz atışması, meydanda qeyri-nümunəvi idman davranışı. Bunlar hamısı Şükürovun oyun bacarığı ilə vəhdət təşkil edir. Bu vəhdətin müsbət tərəfləri onu çempionatın ilk yarısı ərzində ən yaxşı futbolçulardan birinə çevirdi.
Vaqif Cavadov
“İnter”in hücumçusu bu mövsüm özünün əvvəlki forması bərpa edə bildi. Buna əyani sübut, çempionatın liderlər siyahısında birincilikdir. 24 yaşı hücumçunun qurbanları bir qayda olaraq, hazırda çempionatın ilk beşliyində yer almış komandalardır. Bu halda vurulmuş qolların təsadüf olmasından söhbət belə gedə bilməz. Qolları ilə yadda qalmasına rəğmən, futbolçunun oyununu da qeyd etməyə dəyər. Turdan tura Cavadovun oyununda özünəinam hiss olunurdu.
Milinko Pantiç
“Bakı”nın baş məşqçisi müvafiq vəzifədə az zamana rəğmən, komandanın oyununu dəyişə bildi. Ötən mövsüm “paytaxt sakinləri” nadir oyun işartıları ilə yadda qalırdısa, bu mövsüm komanda tam fərqli futbol nümayiş etdirir – daha maraqlı və bəzən daha keyfiyyətli. Ancaq Pantiç arxayınlaşmasa, bu ruhda davam etsə, “Bakı” ən azından çempionatın medalları uğrunda mübarizəyə tamamilə girişə bilər.
Daniel Subotiç
“Qəbələ”nin Bosniya əsilli isveçrəli hücumçu çempionatda yalnız 6-cı turda AZAL-a qarşı oyunda (1:2) debüt edə bilib və dərhal qələbə gətirən qolla fərqlənib. Subotiç geriləmədi və Reynaldo kimi ilin sonuna qədər altı dəfə fərqlənə bildi. Hündürboylu (190 sm) hücumçu özünü yaxşı tərəfdən göstərə bildi və bu mövsümdə “radar” mexanizminin ən vacib hissələrindən birinə çevrildi. “Qəbələ” haqda danışarkən, komandanın hücum xəttinin özəyini təşkil edən daha iki fiquru xatırlamaq yerinə düşər: Lorenzo Ebesilio və Leonardo. “Qəbələ”nin bu üçlüyü mövsümü çox keyfiyyətlə keçirdi. Hər biri özlüyündə yarım mövsüm ərzində özünəməxsus şəkildə yadda qaldı.
