20 dekabr 2013 11:00
Yunis Hüseynov: Qəbələ, Qarabağ və Neftçi ili qələbə ilə başa vuracaq
Futbol mütəxəssisi Yunis Hüseynov futbol üzrə Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində keçiriləcək oyunların nəticələri haqda ehtimallarını azerisport.az saytına bildirib:
“Qəbələ” - “Bakı”
Hər iki komanda üçün çox çətin oyun olacaq. “Qəbələ”yə ilk üçlükdə yerini möhkəmləndirmək, hətta yaxşılaşdırmaq üçün qələbə lazımdır. “Bakı”ya isə liderlərə yaxınlaşmaq üçün qələbə gərəkdir. Ancaq mən düşünürəm ki, qəbələlilər qalib gələcək.
“Xəzər Lənkəran” - “Sumqayıt”
Dənizlinin gəlişi ilə lənkəranlılar məğlub olmayıb. Hətta qol buraxmayıb. “Sumqayıt” isə heç də yaxşı günlərini yaşamır. Bütün bunlarla yanaşı, oyunun Lənkəranda keçirilməsi “Xəzər Lənkəran”ın üç xal götürəcəyini deyir.
AZAL - “Neftçi”
“Neftçi” ili birinci pillədə başa vurmaq istəyirsə, qələbə qazanmağa borcludur. Buna rəğmən, çox çətin olacaq. Tək rəqibə görə deyil, ümumiyyətlə, ilin son oyunlarının həmişə çətin olması səbəbi ilə də. Ancaq, təxmin edirəm ki, “Neftçi” qalib gələcək.
“Rəvan” - “Simurq”
Hazırda “Rəvan” heç də ən uğurlu günlərini yaşamır. Onlar çempionatın autsayderi olmaqda davam edirlər. “Simurq” isə ötən turda darmadağına imza atdı və güman ki, rəqibə nisbətən daha yaxşı əhvaldadır. Buna rəğmən, mən heç-heçə təxmin edirəm.
“Qarabağ” - “İnter”
Son vaxtlar “İnter” yaxşı oyun göstərməyə başlayıb. “Qarabağ” isə ümumiyyətlə əla axara düşüb. Düşünürəm ki, biz çox gərgin və maraqlı oyun görəcəyik. Ancaq mən qələbəni ağdamlılar verirəm.
