19 dekabr 2013 00:18
Xəzər Lənkəran ilin son matçına tam heyətlə hazırlaşır
Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində dekabrın 20-də “Sumqayıt”ı qəbul edəcək “Xəzər Lənkəran” 2013-cü ilin son oyununa hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, dekabrın 18-də səhər saatlarından etibarən Lənkəranda hava şəraitinin normallaşması komandanın yenidən doğma meydanda məşq etməsinə imkan verib.
Qeyd edək ki, bir gün əvvələ qədər yağan yağışlar stadionun əsas və ehtiyat meydançalarının ot örtüyünün korlanmasına səbəb olmuşdu. Belədə komanda növbəti məşqlərini Lənkəran şəhərinin İnşaatçılar məhəlləsində yerləşən idman kompleksinin süni örtüklü qapalı zalında keçirməyi planlaşdırırdı. Lakin ehtiyat meydanda məşq etmək mümkün olunca “Xəzər Lənkəran” qapalı zaldan imtina edib.
Beləliklə, dekabrın 18-də saat 11:00-da ehtiyat meydanda başlayan və saatyarım davam edən hazırlıq prosesinə bütün futbolçular qatılıb.
Qeyd edək ki, hazırda “Xəzər Lənkəran”ın heyətində zədəli futbolçu yoxdu. (12-ci oyunçu)
