18 dekabr 2013 12:44
Rövnəq Abdullayev: Foqts son tsikldəki nəticəmizdən narazıdı
AFFA prezidenti Rövnəq Abdullayev bu gün keçirilmiş İcraiyyə Komitəsinin iclasında müzakirə olunan məsələlərə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində futbol təsərrüfatımızın rəhbəri öncə bunları söyləyib:
"Demokratik seçim keçirildi. İK-nın bütün üzvləri öz fikirlərini bildirdilər. Biz Foqtsla iki illik müqavilə bağlamağa qərar verdik və onun qarşısına yeni şərtlər qoyduq. O, Azərbaycanda daha çox qalmalıdı, Premyer Liqanın görüşlərini daha çox izləməlidi, klubların məşqçiləri ilə ünsiyyətdə olmalıdı".
Abdullayevin sözlərinə görə, Foqts yanvar ayında Premyer Liqanın bütün klublarının təlim-məşq toplanışlarında olacaq: "Biz onun köməkçilərinin də sayını artırmağa qərar verdk. İstəyirik ki, onunla gənc məşqçilərimiz çalışsın. Aslan Kərimovla Mahmud Qurbanov artıq onun korpusundadı. Mümkündü ki, onların sayı daha da artsın".
"Foqts son seçmə mərhələdəki nəticəmizdən narazıdı. 9 xal azdı. Daha çox xal toplamalı idik. Biz istəyirik ki, komandamız hər oyunda daha çox xal toplasın".
Abdullayev yığmamızın hədəflərinə də toxunub: "AFFA hazırda AÇ-2020-nin oyunlarının Bakıda keçirilməsinə çalışırıq. Çox istərdik ki, həmin oyunlar arasında Azərbaycan millisinin də matçları olsun. Çünki UEFA-nın yeni qaydalarına görə, AÇ-2020-yə ev sahibliyi hüququ qazanan ölkələr qitə birinciliyində iştirak edirsə, ilk oyununu evdə keçirməlidi".
AFFA prezidenti klubların qarşısına uşaq futbolu ilə bağlı daha sərt tələblərin qoyulacağını da bildirib: "Bəzi klublarda uşaq futboluna diqqət yetirilsə də, əksəriyyətində bu, yalnız kağız üzərindədi. Ona görə bugünkü iclasda belə bir qərar qəbul etdik ki, hər klubda uşaq futboluna nəzarət üçün AFFA-nın bir nümayəndəsi olacaq. Belədə, bundan sonra bütün klublarda nələr olacaqsa, hamısından xəbər tutacağıq".
