18 dekabr 2013 16:33
Vidadi Rzayev: Berti Foqts nə qədər təcrübəli olsa da, ona məsləhət lazımdır
Azərbaycan futbolunun veteranı Vidadi Rzayev azerisport.az saytına müsahibəsində, özünün millinin baş məşqçi köməkçisi vəzifəsinə mümkün təyinatına şərh verib.
- Hazırda nə ilə məşğulsunuz?
- “Kəpəz”də uşaq futbolu üzrə koordinatoram.
- Berti Foqtsla müqavilənin artırılması barədə nə düşünürsünüz?
- Son vaxtlar yığmanın oyunu, alman mütəxəssisin işi haqda fikrimi dəyişib. Belə ki, mən onunla müqavilənin artırılmasını istəyirəm. Əminəm ki, növbəti təsnifatda nəticələr yaxşı olacaq.
- Yəqin ki, bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclasında haqqınızda deyilənləri eşitmişiniz?
- Düzü, eşitməmişəm. Amma yenə də sağ olun. Haqqımda nə deyilib ki?
- Sizi, Nazim Süleymanovu, Mahmud Qurbanovu və Aslan Kərimovu alman mütəxəssisə köməkçi qismində namizəd görürlər.
- Bu adamlar yığmada işləməyə layiqdir. Yerli məşqçilərin yığmada çoxluğu yaxşıdır. Foqtsun yanında işləmək istənilən məşqçinin karyerası üçün müsbət haldır.
- Bəs siz, Azərbaycan yığmasının qərargahında olmaq istərdiniz?
- Mənim də sadaladığınız mütəxəssislər kimi Azərbaycan futbolunda xidmətlərim var. Bu səviyyədə işləmək istərdim. Kimi dəvət etsələr, hörmətlə yanaşacağam. Berti Foqts nə qədər təcrübəli olsa da, ona da məsləhət lazımdır.
- Yeri gəlmişkən, kimi Premyer Liqada “qış çempionu” görürsünüz?
- Ümumilikdə deyim ki, bu mövsüm ehtimal etmək çətindir. “Neftçi” buna yaxındır. Bunun üçün AZAL-ı məğlub etməlidir. Amma bu çətin olacaq. Zaqataladakı darmadağından sonra, “təyyarəçilər” qəzəbli olacaqlar. Bakılılar büdrəsə, “Qarabağ” güzəştə getməyəcək. Fasiləyə kimin lider yollanmasından asılı olmayaraq, “qızıl” uğrunda mübarizə gərgin olacaq.
