17 dekabr 2013 18:43
Topaz Premyer Liqası: 17-ci tur rəqəmlərdə
Topaz Premyer Liqasının 17-ci turunun statistik məlumatları açıqlanıb. Azerisport.az sizi həmin məlumatlarla tanış edir.
Ötən tur paytaxtın “İnter” klubu topa sahib olmada digərlərindən üstün olub – 38 dəqiqə (58%). Sürətli hücumlarda isə “Xəzər Lənkəran” və “Bakı” klubları fərqlənib.
17-ci turda AZAL-ı 3:0 hesabı ilə məğlub edən Zaqatalanın “Simurq” klubu isə bir neçə göstəriciyə görə ilk pillədədir. Əyalət təmsilçisi hücumların sayına, qapıya zərbələrə, dəqiq ötümələrə, sürətli ötürmələrə, künc zərbələrinə, uğurlu hava mübarizələrinə və aldadıcı hərəkətlərə görə digər komandaları üstələyib. “Qəbələ” futbolçuları bu tur 5 dəfə oyundan kənar vəziyyətə düşüb. Rəqibdən top almaqda “Bakı”, ötürmələrin qarşısını almaqda isə “Qəbələ” futbolçuları fərqlənib. AZAL tur ərzində ən çox qayda pozuntusuna yol verən komandadı.
Hamıdan çox qapıya zərbə endirən Rauf Əliyev (Bakı), komanda yoldaşlarına dəqiq ötürmə verən isə Slavço Georgiyevskidi (İnter). Hava mübarizələrində “Simurq”un hücumçusu Draqan Çeran rəqiblərindən üstün olub. “Qarabağ”lı Bədavi Hüseynov rəqibdən top almaqda uğurlu olub – oyun ərzində 10 dəfə. Ən çox qayda pozuntusuna yol verən Aleksandr Şemonayev (AZAL), qayda pozuntusuna məruz qalan isə komanda yoldaşı Qərib İbrahimovdu. “Xəzər Lənkəran”ın müdafiəçisi Vanderson Skarduelli rəqib ötürmələrinin qarşısını almaqda digərlərini qabaqlayıb. (PFL)
