17 dekabr 2013 14:48
Berti Foqts: Postumda qalsam, əsas tələbim...
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts azerisport.az saytına müsahibəsində bu gün baş tutan 2013-cü ilin ən yaxşılarının mükafatlandırılması mərasimindən, eləcə də sabah baş tutacaq İcraiyyə Komitəsinin iclasından danışıb.
Almaniyalı mütəxəssis öncə Rəşad Sadıqovun ən yaxşı seçilməsini ədalətli saydığını deyib: "Bir qola və ya məhsuldar ötürməyə görə ən yaxşı futbolçu seçilmir. Bütün il ərzindəki çıxışı nəzərə almaq lazımdı. Rəşad komandanın lideri kimi bu ada layiq idi".
Foqts AFFA-da sabah keçiriləcək İcraiyyə Komitəsinin iclasına da toxunub: "İK-nın iclasında heç vaxt iştirak etməmişəm. Sabah da iştirak etməyəcəm. Artıq çoxlu müzakirələr olub. Əgər postumda qalsam, əsas tələbim daha çox toplanışın keçirilməsi olacaq. Çünki yığmanın inkişafı üçün futbolçuların daha çox bir yerdə məşq etməsinə ehtiyac var".
Foqts hədəflərindən də danışıb: "Hər kəsin öz arzuları var. Bunların bəziləri gerçək olur, bəziləri yox. Nəzərə almaq lazımdı ki, AÇ-2016-da qruplar asan olmayacaq. Amma qarşımıza qrupdan çıxmaq hədəfini qoymağımız normaldı. Bizim çoxlu gənc futbolçumuz var. Arzular çoxdu. Amma arzulamaqla yanaşı, çoxlu da işləmək lazımdı".
