16 dekabr 2013 11:11
Bakcell Arenada mətbuat xidməti əməkdaşları üçün seminar keçirilib (FOTOREPORTAJ)
"Bakcell Arena"da Lisenziyalaşdırma prosesi çərçivəsində mətbuat xidməti əməkdaşları üçün seminar keçirilib. Azerisport.az xəbər verir ki, UEFA-nın mətbuat üzrə nümayəndəsi Martins Hartmanisin rəhbərliyi ilə keçirilən məşğələlərdə Topaz Premyer Liqasında, Birinci divizionda mübarizə aparan klubların, həmçinin AFFA və Peşəkar Futbol Liqasının mətbuat xidmətinin əməkdaşları iştirak edib.
Seminarda ilk olaraq AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov çıxış edib. Futbolun inkişafında və təbliğində mətbuatın böyük rolunun olduğunu qeyd edən E.Məmmədov seminarın proqramını iştirakçıların diqqətinə çatdırıb.
Martin Hartmanis əsasən UEFA Çempionlar Liqası və Avropa Liqası oyunlarının nümunəsində mətbuat xidməti əməkdaşlarının öhdəsinə düşən vəzifələr barədə danışıb, mövzu ilə bağlı maraqlı videoçarxlar və fotolar nümayiş etdirilib.
Seminar iştirakçıları bir neçə qrupa bölünərək müxtəlif mövzularda olan sualların düzgün cavabını müəyyənləşdirmək, tapşırığa uyğun ehtimal olunan problemlərdən ən optimal çıxış yolunu tapmaq üçün müzakirələr aparıb, yekunda hər qrupun bir təmsilçisi çıxış edərək qrupun gəldiyi ümumi qənaəti səsləndirib.
Fasilədən sonra praktiki məşğələ təşkil olunub. Topaz Premyer Liqasının XVII turunun "Neftçi" - "Qəbələ" oyunundan əvvəl seminar iştirakçıları mətbuat sektoruna, MİX zonaya baxış keçirib, qeyd olunmuş qarşılaşmanı izləyiblər.
Seminarın sonunda iştirakçılara sertifikat təqdim olunub və xatirə şəkli çəkdirilib.
(AFFA)
