14 dekabr 2013 11:40
Asim Xudiyev: Neftçi Qəbələni məğlub edəcək, Bakı ilə Qarabağ xalları yarı böləcək
Futbol mütəxəssisi Asim Xudiyev azerisport.az saytına müsahibəsində futbol üzrə Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində keçiriləcək oyunların nəticələri haqda ehtimallarını bölüşüb.
“Simurq” - AZAL
Son vaxtlar AZAL yaxşı oyun göstərir. “Simurq” da pis deyil. Xüsusən müdafiədə yaxşı oynayırlar. Buna rəğmən, mən heç-heçə ehtimal edirəm.
“İnter” - “Sumqayıt”
“İnter” evdə oynayır. Buna görə də üstünlük onların tərəfində olacaq. “Sumqayıt”ın xal əldə etmək problemi var. Hesab edirəm ki, “İnter” qalib gələcək.
“Xəzər Lənkəran” - “Rəvan”
Mustafa Dənizlinin gəlişi ilə “Xəzər Lənkəran” iki oyun keçirib. Birini qazanıb, digərində heç-heçə edib. Oyunun Lənkəranda keçirilməsinə baxmayaraq, düşünmürəm ki, meydan sahibi qalib gələcək. “Rəvan” yəqin ki, cənublulara qarşı döyüşmək istəyəcək. Heç-heçə olacaq.
“Bakı” - “Qarabağ”
“Qarabağ”ın son itkiləri haqda mətbuatda oxumuşam. “Bakı” isə yarış cədvəlinin liderinə güc göstərmək fikrindədir. Təxmin edirəm ki, bu görüşdə komandalar xalları yarı böləcək.
“Neftçi” - “Qəbələ”
Qəbələlilər yaxşı oynayır və bir qayda olaraq xallar toplayırlar. “Neftçi” isə hələlik bu planda geri qalır. Həmçinin, bakılılara ötən turda “Qarabağ”a məğlubiyyətin bəraəti lazımdır. “Neftçi”nin qələbəsini təxmin edirəm.
