14 dekabr 2013 11:15
Simurq AZAL-la oyuna hazırlığı başa vurdu
Cari mövsümdə Topaz Premyer Liqasında məlum səbəblərdən ikinci dəfə doğma arenasında meydana çıxacaq "Simurq" növbəti görüşün hazırlıqlarını tamamlayaraq istirahətə çəkilib. Azerisport.az xəbər verir ki, bu dəfə AZAL-ı qonaq edəcək komandanın oyunöncəsi son məşqi bir saatdan artıq davam edib və əsasən toplu çalışmalardan ibarət olub.
Hazırlıq prosesində yalnız "təyyarəçilər"lə görüşdə sarı vərəqə limitini keçdiyinə görə forma geyinə bilməyəcək Nicat Qurbanov iştirak etməyib. Rəqiblərin son dörd dueli heç-heçə bitsə də, bu görüş öncəsi qonaq komandanın "Simurq" üzərində statistik rəqəmlər baxımından üstünlüyü var. Buna qədər 19 dəfə üz-üzə gələn kollektivlərin qarşılaşmasında 8 dəfə paytaxt təmsilçisi, 3 dəfə isə komandamız qalib gəlib. Yerdə qalan oyunlarda isə heç-heçə qeydə alınıb. Top fərqindədə AZAL (26:16) öndədi.
Qeyd edək ki, "Simurq" - AZAL oyunu saat 17:00-da start götürəcək.
