13 dekabr 2013 18:35
Rəvan Bakıda son məşqini keçdi
Bazar günü "Xəzər Lənkəran” ilə Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşacaq "Rəvan” artıq oyun üçün Bakı hazırlığını başa vurub. Azerisport.az klub saytına istinadən xəbər verir ki, "aslanlar" bu gün "Bayıl Arena”da məşqə çıxıb.
Təxminən saatyarım davam edən hazırlıqda yalnız zədəli Tofiq Mikayılov iştirak etməyib. Ümumi qrupa qoşulan Elvin Həsənəliyevin durumu da qənaətbəxşdir. "7” nömrə həftəsonu meydana çıxa biləcək. Əvəzində Ceyhun Cavadovla Novruz Məmmədov 4 sarı vərəqəyə görə cəzalı duruma düşüb və onlar Lənkərana aparılmayacaq. Digər tərəfdən, İvan Pexa və Rəşad Abdullayev cəzasını başa vurub və baş məşqçinin sərəncamında olacaq.
Sabah səhər Lənkərana yola düşəcək komanda oyunöncəsi son məşqini də Lənkəran şəhər stadionunda həyata keçirəcək.
