13 dekabr 2013 13:33
Rusiya mətbuatı Abışovun Avroliqadakı oyununa qiymət verdi
Rusiyanın "Rubin" komandası Avropa Liqasının qrup mərhələsi çərçivəsində, Belçikanın "Sulte-Varegem" komandasına 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə çıxışını rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, Rusiya KİV-i “Rubin”in bu oyunda iştirak etmiş oyunçularının qiymətləndirmə cədvəlini açıqlayıb.
Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov oyunda iştirak etdiyi birinci hissənin yekunlarına əsasən 6,0 bal qiyməti alıb.
“Azərbaycanlı universal bu dəfə dayaq yarımmüdafiəçisinin mövqeyində oynadı. Ümumən pis görünmürdü. Ruslanın meydanı yaxşı görməsi diqqət çəkir. Uzun və dəqiq ötürmələr verə bilir. Bir sözlə, məclisi korlamaz. Onun əvəzlənməsi isə, oyunundan narazılıq yox, məşqçi qərargahının digər oyunçulara oyun təcrübəsi qazandırması ilə əlaqədardır”, deyə Rusiyanın “Biznes Online” portalı qeyd edib.
