12 dekabr 2013 16:44
Risto Ristoviç: Bakıda qalıb-qalmayacağım iki gündən sonra bilinəcək
“Bakı”nın serb yarımmüdafiəçisi Risto Ristoviç azerisport.az saytına müsahibəsində, futbol üzrə Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində komandasının “Qarabağa”a qarşı keçirəcəyi oyundan, “Xəzər Lənkəran”a vurduğu qoldan və özünün klubla müqavilə müddətinin başa çatmasından danışıb.
- “Qarabağ”a qarşı oyuna hazırlıq necə gedir?
- Komanda hazırlığı yaxşı. Mənim isə kiçik zədəm var. Ümid edirəm ki, vacib oyuna hazır olacağam.
- Ağdamlılarla müqayisədə, sizin düşərgənizdə hər şey yaxşı olmalıdır. Yəqin bilirsiniz ki, onların heyətinin az qala yarısı zədəli və cəzalıdır.
- Bu o demək deyil ki, onları rahatca udmaq olar. Avropa Liqasında oyuna görə, onların ikinci heyəti döyüşə atdığı Qəbələdəki oyunu xatırlayın. O zaman bu, qələbəyə mane olmadı. “Qarabağ” istənilən heyətlə yaxşı komandadır. Bizə asan olmayacaq.
- “Qəbələ” bu mövsüm “Bakı”dan yaxşı çıxış edir. Bu mənada, liderə qarşı oyunda sizin komandadan nə gözləyək?
- Sözlərimə baxmayaraq, düşünürəm ki, biz onları məğlub edə biləcək gücdəyik. Biz də yaxşı komandayıq və əminəm ki, ağdamlılar üçün də oyun asan olmayacaq.
- Yeri gəlmişkən, sizin vurduğunuz qol, PFL-in səsverməsində ikinci sıradadır. Bu haqda nə deyə bilərsiniz?
- Bu haqda heç bilmirdim. Bəs birinci kimdir?
- “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Elnur Abdullayev.
- Noyabrda öz qolumu məhz bu komandaya vurmuşdum. Düzü, Elnurda necə alındığını bilmirəm, ancaq mənim də qolum pis deyildi. Noyabrın ən gözəl qol müəllifi titulunu qazanmaq pis olmazdı. Mənə səs verənlərə təşəkkür edirəm.
- Yeri gəlmişkən, Bu il sonunda “Bakı” ilə mövcud müqaviləniz qüvvədən düşür. Müqavilə müddətini uzadacaqsınız?
- (Gülümsəyir) Hələlik bu barədə heç nə deyə bilmərəm. Şəxsən mən bakılılarla müqaviləni artırmağın əleyhinə deyiləm. “Bakı” super klubdur. Burada oynamaq zövqdür. Kluba, komandaya, çempionata, şəhərə öyrəşmişəm. Burada özümü rahat hiss edirəm.
- Müqavilə müddətinin artırılması ilə əlaqədar danışıqlar aparmışınız?
- Agentim klub təmsilçiləri ilə görüşüb. “Bakı”da qalıb-qalmayacağım haqda iki günsən sonra biləcəyik.
- Bəs komandanızla müqavilə müddətini artırmaq sizə müyəssər olmasa?
- Heç nəyi dəqiq deyə bilmərəm. Azərbaycan futbolunda mənim üçün “Bakı” ilk növbədədir. Əks halda, ola bilər ki, Premyer Liqanın başqa komandasına keçim.
