10 dekabr 2013 13:10
Əvəzedicilərin də cəzaları bəlli oldu
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 16-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Qəbələ” – “Simurq” matçında “Qəbələ”nin 4, “Simurq”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 500 manat cərimə olunub. Oyunun 75-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Murad Musayev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
“İnter” – “Xəzər Lənkəran” matçının 90+1-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Heydər Babayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Sumqayıt” – “Bakı” matçının 39-cu dəqiqəsində “Bakı”nın futbolçusu Mətin Əbilsoy idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
