9 dekabr 2013 11:33
Niyaməddin Paşayev: Rio-2016-da sayımız çox ola bilər
27-28 dekabrda keçiriləcək ölkə çempionatı taekvondoçularımız üçün həlledici sınaqdır. Bunu azerisport.az saytına ATF-in vitse-prezidenti Niyaməddin Paşayev deyib. Dünya çempionunun sözünə görə, bu yarışda məşqçilər korpusu 4 kişi və 4 qadın olmaqla, 8 ən yaxşı dayanq ustasını ayrıca proqramla olimpiadalara hazırlayacaq:
“13-15 dekabrda İngiltərənin Mançester şəhərində Rio olimpiadasına lisenziya xalı verən dünya qran-pri turniri keçiriləcək. Həmin yarışda reytinqində yalnız ilk 36 yerdə qərarlaşan taekvondoçular mübarizə apara biləcəklər.
Növbəti 2 ilin hərəsində 4, 2016-cı ildə isə, 2 analoji turnir təşkil olunacaq. Bu rəqabətlərin yekun sıralamasında ilk 6 mövqeni tutanlar olimpiya oyunlarında iştirak hüququ qazanacaqlar. Yeni qaydalardan sonra, olimpiadada daha çox taekvonduçu ilə təmsil olunmaq (maksimum 2 nəfərlə iştirak etmişik) imkanımız yaranıb. Kişi komandamız güclüdür. Amma qadınlarda bir çəkidə axsama var. Ola bilsin, milliyə müsbət 73 kq-da mübarizə aparan bir legioner cəlb edək”.
ATF-in vitse-prezidenti Bakı-2015-də toxunub. Bildirib ki, bu mötəbər yarışda seçmə komandanın yaxşı çıxış etməsinə çalışacaqlar: “2015-ci ildə bizi daha bir məsul sınaq gözləyəcək. Paytaxtımızda keçiriləcək ilk Avropa oyunlarında uğurlu çıxış edib, olimpiya millimizin yüksək yerlər tutmasında dəstək olmalıyıq”.
