9 dekabr 2013 13:22
Saşa Yunisoğlu: Əgər adama işinə görə haqq ödənmirsə, onun keyfiyyətləri aşağı düşür
“Dənizlispor”un azərbaycanlı müdafiəçisi Saşa Yunisoğlu azerisport.az saytına müsahibəsində futbol üzrə Türkiyə birinci divizionunun 16-cı tur oyununda “Fethiyəspor”a 1:5 hesablı məğlubiyyəti şərh edib.
“İlk qolu hakimin səhvindən sonra buraxdıq. Oyundan kənar vəziyyəti qiymətləndirmədi. Buraxılmış qol bizi sıradan çıxardı. Axı çempionatın axırıncı komandasına uduzmaq fikrində deyildik. Hücuma atılıb ardınca daha bir qol buraxdıq. Bu, bütünlüklə oyunumuzu dağıtdı. Nəticədə daha üç qol buraxıb darmadağın olduq.
Futbolçuların artıq beş aydır əməkhaqqını almamağı komandanın oyununda əksini tapırmı? Məhz bunu əsas gətirib komandanın dünənki məğlubiyyətinə bəraət axtarmaq istəməzdim. Buna rəğmən, bu, əhəmiyyətsiz amil deyil. Futbol bizim işimizdir. Adamlar ailəsini dolandırmaq üçün işləyir. Əgər adama işinə görə haqq ödənmirsə, bu, onun yalnız mənəvi-psixoloji durumunu deyil, keyfiyyətlərini də düşürür. Ümid edirəm ki, hər şey yoluna düşəcək”.
