8 dekabr 2013 19:19
Mustafa Dənizli: Heç-heçəyə sevinmirik, ancaq məyus da deyilik
“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli futbol üzrə Topaz Premyer Liqasının 16-cı turunda “İnter”ə qarşı oyunda əldə edilmiş heç-heçəyə (0:0) şərh verib. Azerisport.az xəbər verir ki, türk mütəxəssis oyunsonrası bunları söyləyib.
“Bu, Premyer Liqada mənim ilk oyunumdur. Güclü komandaya qarşı oynadıq. Rəqibin bizə qarşı oyuna qədər qələbələr seriyası vardı. Ancaq biz də qələbə qazanmaq istəyirdik. İkinci dövrənin son üç oyununda biz 7 və ya 9 xal götürmək istəyirik. Bu gün biz iki xal itirdik. Demək, növbəti iki oyunda qələbə qazanmaq lazımdır. Ümumilikdə oyundan razıyam. Biz rəqibə çox şans vermədik. Heç-heçəyə sevinmirik, ancaq bu nəticədən məyus da deyilik”.
