7 dekabr 2013 00:56
Dənizlidən Xəzər Lənkəranlı futbolçular üçün ciddi rejim
Premyer Liqanın 16-cı turu çərçivəsində dekabrın 8-də “İnter”lə səfərdə qarşılaşacaq “Xəzər Lənkəran” hazırlıqlarını Bakıda davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxtın “Modern” otelində məskunlaşan komanda yeni baş məşqçinin ciddi rejimli qaydaları ilə qarşılaşıb.
Belə ki, Mustafa Dənizli futbolçulara oteli tərk etməyə qadağa qoyub. Məşqi bitirdikdən sonra oteldə qapalı vəziyyətdə qalmalı olan komanda üzvləri alışmadıqları vəziyyətlə üzləşiblər. Məsələ ondadı ki, öncəki baş məşqçi Benjamin Con Toşak komandanın Bakıda olduğu müddətdə adətən futbolçuları sərbəst buraxır və yalnız oyuna bir gün qalmışdan etibarən bir yerə toplanmalarını istəyirdi. Dənizli isə sələfindən fərqli olaraq komandada ciddi rejim tətbiq edib və qaydaları pozanların da ciddi cəzalandırılacaqlarını bildirib. (12-ci oyunçu)
