6 dekabr 2013 11:11
Futbolçularımız Madriddə necə yaşayır?
Bu ilin noyabr ayında Madridə yollanan 5 gənc futbolçumuz təlimlərini plana uyğun şəkildə davam etdirir. Azerisport.az "Bakı"nın rəsmi saytına istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Ruslan Süleymanov, Adıgözəl Qəlbinur, Rəşid Əliyev, Asim Abdullazadə və Cavid Mikayıllı artıq 2 aydı ki, "Atletiko" klubunun bazasında məskunlaşıblar.
Hadisələrin xronologiyasına nəzər salsaq, şanslı yeniyetmələrin uyğunlaşma dövrünü geridə qoyaraq, fəal hazırlıq proqramı əsasında çalışdıqlarını görmək olar. Yeniyetmə futbolçularımız noyabr ayının ilk günlərində “Land of Fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) formasını daşıyan “Atletiko”nun ev oyunlarını keçirdiyi “Visente Kalderon” stadionunda olublar. Klubun strukturu, bazası ilə tanış olan yeniyetmələrimiz komandanın qazanmış olduğu kubokla şəkil çəkdirməyə də imkan tapıblar.
Daha sonra Madrid təmsilçisinin sponsorlarından biri olan “Coca- Cola” şirkəti azərbaycanlı futbolçulara üzərinə onların adları həkk olunan sərinləşdirici içkilərini təqdim edib. “Bakı”lı uşaqlar İspaniya Premyerasının 12-ci turu çərçivəsində “Atletiko” (Madrid) və “Atletiko” (Bilbao) arasında baş tutan (2:0) qarşılaşmanı izləyiblər. Əlbəttə ki, əsas məsələ futbolçularımız Madirddə necə hazırlıq keçməsi, yerli futbolçu və məşqçilərlə birlikdə hazırlıq keçməsinə yönəlib. 15 yaşlı gənclər “Atletiko”nun təlim bazasında xüsusi proqram üzrə məşqlərini yerli mütəxəssislərin dəstəyi və nəzarəti altında keçirlər.
