4 dekabr 2013 00:22
Kubok həyacanına davam
Bu gün Azərbaycan kuboku uğrunda yarışların 1/8 final mərhələsinin oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, 8 qarşılaşmanın hamısı bir gündə, amma müxtəlif saatlarda baş tutacaq.
Turun və günün ilk qarşılaşması Bayılda keçiriləcək. Doğma divarlar arasında "Rəvan" - "Qaradağ Lökbatan"la münasibətlərinə aydınlıq gətirəcək. Premyer Liqada uğurlu çıxış etməyən Bayıl təmsilçisinin 1-ci Divizionda 30 xalla 2-ci pillədə qərarlaşan Lökbatan klubu ilə sınağı asan olmayacaq. Təsadüfi deyil ki, bu qarşılaşmada sürprizin olması, yəni növbəti mərhələdə aşağı dəstə təmsilçisinin yüksəlməsi istisna olunmur.
Daha sonra Qəbələnin eyni adlı komandası "Mil-Muğan"la qarşılaşacaq. "Qəbələ"nin elitada iddialı çıxışı və "Mil-Muğan"ın ikinci çempionatda 13-cü pillədə olması bu qarşılaşmadan sensasiya gözləməməyə əsas verir.
Digər bir oyunda isə "Neftçi" "Kəpəz"i qəbul edəcək. Son ölkə çempionu Gəncə klubu ilə oyunda ciddi çətinliklə üzləşməyəcək. Ötən mövsümdəki uğursuz çıxışından sonra 1-ci Diviziona yollanan "Kəpəz" hazırda 14-cü pillədə məskən salıb. Nazim Süleymanovun yetirmələri bu günədək kubokda 5 dəfə gəncəlilərlə qarşılaşıb ki, bu matçların 4-də "ağ-qaralar" meydanı qələbə ilə tərk edib. Bu dəfə də sürpriz olmayacağı şübhə doğurmur.
Paytaxtda keçiriləcək növbəti qarşılaşmada iki Premyer Liqa təmsilçisi - "Bakı" və "Sumqayıt" üz-üzə gələcək. Bu mərhələnin ən maraqlı oyunlarından sayılan bu komandaların görüşü "Bakı"nın təlim-məşq bazasında baş tutacaq. Bugünədək cütlük kubokda cəmi bir dəfə qarşılaşıb. Ötən mövsüm baş tutan həmin dueldə Bakı klubu qələbə qazanmışdı (3:1). Elə bu dəfə də Milinko Pantiçin yetirmələrinin uğur qazanmaq şansı daha yüksək qiymətləndirilir.
Növbəti oyun isə Naxçıvanda baş tutacaq. 1-ci Divizionun çempionluğa iddialı komandalarından olan "Araz Naxçıvan" Zaqatala təmsilçisi "Simurq"la görüşəcək. Elita təmsilçisinin 12 tura 11 qələbə qazanmış divizion təmsilçisi ilə səfər görüşündə işi heç də asan olmayacaq. Təsadüfi deyil ki, bu cütdə də "Simurq"un kubokdan erkən vidalaşması ehtimalı yüksək qiymətləndirilir.
"Şəfa" stadionunda "İnter" "Şuşa" ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu komandalar artıq bir dəfə üz-üzə gəlib. 2010/11 mövsümündə yenə 1/8 final mərhələsindəki qarşılaşmada "bankirlər" rəqib qapısından 4 top keçirməyi bacarıb. Premyer Liqanın son turlarında bakılıların uğurlu çıxışını nəzərə alsaq, oyunun favoritinin "İnter" olduğunu söyləmək olar.
Günün mərkəzi oyunu isə Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. "Qarabağ" mərkəzi arenada digər bir elita təmsilçisi AZAL-la növbəti mərhələ iştirakçısını müəyyənləşdirəcək. Hələ ki, kubok uğrunda yarışlarda qarşılaşmayan komandaların görüşü maraqla gözlənilir. Xüsusilə Qurban Qurbanov və Vaqif Sadıqov dueli futbol ictimaiyyəti tərəfindən böyük diqqət cəlb edir. Premyer Liqada çempionluğa iddialı Ağdam təmsilçisi "təyyarəçilər"lə qarşılaşmada qələbə qazana bilməyib. Belə ki, cari mövsümdə cütlüklər 2 dəfə üz-üzə gəlib. Bunların birində AZAL qələbə qazanıb, 13-cü turda isə komandalar meydanı sülhlə tərk edib.
Bölgədə keçirilən digər oyunda "Xəzər Lənkəran" doğma azarkeşlər önündə "Neftçala"nı qəbul edəcək. Yeni baş məşqçi Mustafa Dənizli ilə ilk dəfə meydana çıxacaq cənublular türkiyəli mütəxəssisin siftəsini korlamamağa çalışacaq. Elitada uğursuz günlər keçirən "ağ-yaşıllar"ın 1-ci Divizionda iddialı çıxış edən "Neftçala" ilə görüşünün maraqlı keçəcəyi istisna edilmir.
Azərbaycan Kuboku
1/8 final
4 dekabr (çərşənbə)
12:00. Qaradağ Lökbatan – Rəvan
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Şahin Cəfərov.
Bakı. “Bayıl Arena”.
13:00. Bakı – Sumqayıt
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Əli Hüseynov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
13:00. Mil-Muğan – Qəbələ
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Qəbələ. Şəhər stadionu.
14:00. Neftçi – Kəpəz
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Fazil Mürşüdov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
14:00. Araz Naxçıvan – Simurq
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Səfər Haşımov.
Naxçıvan Muxtar Respublika stadionu.
16:30. Qarabağ – AZAL
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
17:00. İnter – Şuşa
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Bakı. “Şəfa” stadionu.
17:00. Xəzər Lənkəran – Neftçala
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Lənkəran. Mərkəzi stadion.
