4 dekabr 2013 20:18
Mustafa Dənizli: İlk matçım olduğuna görə qələbə qazanmaq vacib idi
Azərbaycan kubokunun 1/8 finalında “Xəzər Lənkəran” öz meydanında “Neftçala” klubu ilə qarşılaşdı. Azerisport.az xəbər verir ki, rəqibini 4:0 hesabı ilə məğlub edən cənublular yeni baş məşqçi Mustafa Dənizliyə ilk oyununda qələbə qazandırdılar.
Qarşılaşmadan sonra baş məşqçilər oyunla bağlı fikirlərini açıqlayıblar:
Bəhram Şahquliyev, “Neftçala”nın baş məşqçisi: “Rəqibimiz bizdən hər cəhətdə üstün idi. Yeni baş məşqçiyə ilk oyunda özlərini göstərmək üçün çalışdılar. Bütün bunlara baxmayaraq, komandadan razı qaldım. İkinci hissədə oyuna uyğunlaşa bildik, qol buraxmadıq. “Xəzər Lənkəran”a qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
Mustafa Dənizli, “Xəzər Lənkəran”ın baş məşqçisi: “Bu, mənim ilk matçım olduğundan qələbə qazanmaq vacib idi. Komandanın nəyə qadir olduğunu bilmirəm. Bu qələbə ilə uğursuzluğa son qoyduq. Komandama inanıram, qarşıda çox işlərimiz var, komandanın Premyer Liqadakı mövqeyini yaxşılaşdırmağa çalışacağıq. İlk dövrə bitənə kimi vəziyyətimizi yaxşılaşdırmalıyıq”.
