4 dekabr 2013 19:18
"Hər yıxılma epizoduna simulyasiya demək olmaz"
Azərbaycan kubokunun 1/8 finalında AZAL-la qarşılaşan “Qarabağ” ilk hissəsi qolsuz başa çatan oyunun taleyini ikinci hissədə həll etdi. Azerisport.az xəbər verir ki, əvəzetmədən oyuna daxil olan Reynaldonun vurduğu yeganə qol Ağdam təmsilçisinə 1/4 finala vəsiqəni təmin etdi – 1:0.
Qarşılaşmadan sonra baş məşqçilər oyunla bağlı fikirlərini açıqlayıblar:
Vaqif Sadıqov, AZAL-ın baş məşqçisi: “Qalib gəlmək üçün oynayırdıq. “Qarabağ” səviyyəli komandadı. Azlıqda qalana qədər çox yaxşı oynadıq. Fikrimcə, oyunçumuz simulyasiya etməmişdi. Hər yıxılma epizoduna simulyasiya demək olmaz”.
Qurban Qurbanov, “Qarabağ”ın baş məşqçisi: “AZAL güclü komandadı, çətin oyun oldu. Sona yaxın Reynaldonun baxımlı qolu ilə qələbə qazandıq. AZAL-a qarşıdakı çempionat oyunlarında uğurlar arzulayıram. Əgər vurulan qol ləğv edilmirsə, cəzalanan futbolçu bağışlanmamalıdı. Flavinyo ilə bağlı qərarı eşidəndə təəccüblənmədim, çünki, bunu gözləyirdim”.
