4 dekabr 2013 15:44
Mustafa Dənizlinin dörd debütü
Bu gün türk mütəxəssis Mustafa Dənizli “Xəzər Lənkəran”ı ölkə kubokunun 1/8 final oyunu çərçivəsində “Neftçala”ya qarşı oyuna çıxaracaq. Azerisport.az xəbər verir ki, 64 yaşlı məşqçi üçün bu görüş, “gəmiqayıranlar”ın sükanı arxasında debütdür.
Mustafa Dənizlinin başqa komandalarda dörd debütünü xatırlamaq qərarına gəldik.
1996-cı ildə Türkiyə yığması ilk dəfə olaraq Avropa çempionatında iştirak etdi. Hər üç oyunu məğlub olmuş Fatih Terimin yetirmələri Vətənə antiqəhrəman qismində döndü. O yığma üçün həmin komandanın AÇ-yə vəsiqə qazanması belə, böyük nailiyyət sayılırdı. Ancaq baş məşqçi dəyişikliyi qaçılmaz oldu və Terimin yerinə yığmaya Mustafa Dənizli gətirildi. Dənizlinin rəhbərliyi altında Türkiyə millisi Moldova yığmasını 2:0 hesabı ilə məğlub etdi.
2008-ci ildə Dənizli “Beşiktaş”a rəhbərliyi öhdəsinə götürür. Bir neçə gün sonra “Gənclərbirliyi”nə qarşı oyuna çıxan Dənizlinin yetirmələri 3:1 hesablı qələbə qazanır.
2012-ci ildə Dənizliyə İranın “Persepolis” klubunu çalışdırmaq təklif edilir. Türk mütəxəssisin razılığı gəlir. Mövsümarası fasiləni komandaya rəhbərlik edən Dənizlinin yetirmələri, ilk oyunda “Malavan” klubuna 0:2 hesabı ilə məğlub olur.
Bir il sonra Mustafa Dənizli “Rizespor”un sükanı arxasına təyin edilir. Komanda Türkiyə birinci liqasında çıxış edirdi və ciddi çətinliklərlə üzləşirdi. Dənizli işə soyuq başla girişir. İlk oyunda onun komandası “Qaziantep”i 4:1 hesabı ilə darmadağın edir. Mövsümün yekunlarına görə isə komanda Superliqaya vəsiqəni rəsmiləşdirir.
