4 dekabr 2013 01:10
Bayrağımız bundan sonra da Avropada dalğalanacaq
Son günlər “Bakı” klubunun “Atletiko” və “Lans”la əməkdaşlığından çox danışılır. Futbol ictimaiyyəti, təcrübəli məşqçilər, millət vəkilləri yekdilliklə bu əməkdaşlığın Azərbaycan futboluna böyük fayda verəcəyini bildirir və möhtəşəm layihəni dəstəkləyir. Bəndəniz “Atletiko” və “Lans”la müqavilələrin imzalanma mərasiminin canlı şahidi kimi bəzi məlumatları sizinlə bölüşmək istəyir.
Öncə onu qeyd edim ki, “Atletiko” kimi komandalar heç vaxt sponsor tərəfindən problem yaşamır. Madrid təmsilçisinə maddi dəstək olmaq istəyənlər arasında növbə gözləyənləri indi də tapmaq mümkündü. Böyük tarixə malik İspaniya komandası işə peşəkarcasına yanaşır və hər təkliflə razılaşmır. Çoxlarınız üçün onların məhz Azərbaycanı seçməsi bəlkədə müəmmalıdı. İspaniyada olduğum zaman ölkəmiz haqda ancaq xoş sözlər deyən “Atletiko” rəhbərliyi “Land of Fire” şüarını təbliğ etmələrinin səbəbini belə izah etdi. Klubun prezidenti Enriko Serezo: “Bizim komandaya maddi dəstək olmaq istəyən çoxlu sayda şirkət və iş adamları var idi. Lakin biz “Bakı” klubunun üzərində dayandıq. Çünki klubun prezidenti Hafiz Məmmədov hər hansı bir şirkəti deyil, Vətəni Azərbaycanın turizm sektoruna dəstək olacaq “Land of Fire” şüarını təbliğ etməyi təklif etdi".
Göründüyü kimi, “Bakı” rəhbərliyinin istəyi Azərbaycanın bütün dünyada tanınması və sevilməsidi. Futbol çoxdan idman növündən güclü siyasətə çevrilib. “Atletiko”nun oyunlarını hər həftə milyonlarla tamaşaçı izləyir. Futbolçuların fotoları yüzlərlə qəzet və saytlarda yayımlanır. Bununla yanaşı, klubun stadionu Visente Kalderonda ondan artıq “Land of Fire. Azərbaycan” yazısına rast gəlmək mümkündü. Dünya ulduzlarının əvvəlcə Azərbaycanı, hazırda isə 2015-cı ildə Bakıda keçiriləcək Avropa Oyunlarını dünyaya tanıtması alqışlanmalıdı. Mötəbər yarışın yüksək səviyyədə keçirilməsi kimi, onun dünyada təbliğ olunması da vacib amillərdəndi. Bu gün Arda Turan, Dieqo, Koke kimi ulduzlar dünyaya Azərbaycan kimi ölkənin inkişafını təbliğ edir. İspaniya Kubokunda “Atletiko” - “Sevilya” görüşünü izləyən tamaşaçı kimi sizi əmin edə bilərəm ki, stadionun hər tərəfində yazılan “Azərbaycan Land of Fire” şüarı insana qürur hissi yaşadır. Madrid təmsilçisiylə müqavilədə futbolumuzun inkişafına kömək olacaq bir sıra mühüm amillər var. Ən vacib məqam yeniyetmə futbolçuların bir neçə il müddətinə İspaniyaya göndərilməsidi. 30-40 il əvvəl Azərbaycan gəncləri daha yüksək səviyyədə təhsil almaq üçün Rusiyaya və başqa ölkəyə göndərilirdi. İndi isə həmin addımı “Bakı”nın prezidenti Hafiz Məmmədov təkrarlayır. 3 il İspaniyada yaşayacaq yeniyetmələr eyni zamanda ali təhsil almaq imkanı da qazanır. Hafiz Məmmədov hazırda 12-13 yaşı olan uşaqlara hazırlıqdan sonra İspaniyada istənilən ali məktəbdə təhsillərini davam etdirməyə şərait yaradır. Bu, o deməkdi ki, məqsəd təkcə güclü futbolçu deyil, həm də Azərbaycan üçün əsl vətəndaş yetişdirməkdi. İspaniyada təhsil almaq asan deyil. Amma yeniyetmələrimizə bu şansı “Bakı” yaradır.
Fransanın “Lans” klubuyla imzalanan anlaşma da az əhəmiyyətli deyil. Ölkəmizin təbliğ olunması, yeniyetmələrin “Lans”da hazırlığından başqa bayrağımızın “Feliks Bollar” stadionunda dalğalanması barədə danışmaq istərdim. “Lans”ın ev oyunlarını keçirdiyi “Feliks Bollar” stadionunun ən hündür yerində Azərbaycan bayrağının dalğalanması düşmənlərə göz dağı olub. Fransada erməni lobbisinin güclü olması hamıya məlumdu. Elə “Lans”la imzalanan tərəfdaşlıq müqaviləsi də bədxah qonşularımızı özündən çıxarmışdı. Onlar müxtəlif yollarla “Lans”la əməkdaşlığın qarşısını almağa çalışdı, amma istəyinə çatmadı. Azarkeş yığımına görə Fransanın üçüncü stadionu olan “Feliks Bollar”da bayrağımız dalğalanır və bundan sonra da dalğalanacaq.
İspaniya və Fransada hazırlıq keçən yeniyetmələr gələcəkdə Avropanın müxtəlif klublarında forma geyəcək həmyerlilərimiz olacaq. Hafiz Məmmədov təkcə “Bakı” klubunun yox, eyni zamanda digər komandanın da istedadlı uşaqlarını xarici ölkəyə göndərməyə hazır olduğunu bildirib. Uzun illərdi biz yalnız Vəli Qasımovun İspaniya və Portuqaliyada legioner həyatı yaşamasıyla fəxr edirik. Gələcəkdə yeni azərbaycanlıların oynadığı “Atletiko”, “Betis” və digər məşhur klubların oyununu maraqla izləyə biləcəyik. Bununla da Azərbaycan yığması daha da güclənəcək və dünya, Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda yarışmağa imkan qazanacaq.
Bütün bu işlərlə yanaşı, “Bakı” klubunun ölkəmizdə dünya standartlarına cavab verəcək bazasının olduğunu deməsəm, günah olar. Azərbaycanda klub infrastruktunun əsasını qoyan Hafiz Məmmədov əcnəbiləri heyran edib. Ölkəmizə gələn Portuqaliya, Rusiya, Şimali İrlandiya və digər komandalar məhz “Bakı”nın bazasında hazırlıq keçmək istəyini bildirib. Bununla Kriştiano Ronaldo, Pepe kimi ulduzlar ölkəmizdə hazırlıq üçün yüksək şəraitin olduğunu gözləriylə görüblər.
“Atletiko” və “Lans”la vacib əməkdaşlıq müqavilələri, uşaq futbolçuların İspaniya və Fransaya göndərilməsi, müasir təlim-məşq bazasının inşası bu işin sonu deyil. Hafiz Məmmədov möhtərəm prezident cənab İlham Əliyevin "Azərbaycanda 2005-2015-ci illər ərzində futbolun inkişafı barədə" imzaladığı Dövlət Proqramının uğurla həyata keçirilməsində bundan sonra da çalışmaqda davam edəcək.
Ruslar Roman Abramoviçin “Çelsi”yə sahib çıxmasıyla fəxr edir. Bizlər də azərbaycanlının dünya mədəniyyətinin beşiyi sayılan Fransada kluba sahib olmasına sevinməliyik. Onun məqsədi nə klubunu, nə də özünü reklam etdirməkdi. Hafiz Məmmədovun məqsədi sevdiyi və bağlı olduğu Azərbaycanı dünyada tanıtmaqdı. Kimlərsə onun uğurlarına sevinməyə bilər. Amma o, yenə də Azərbaycan bayrağının Avropada dalğalanması üçün hər şey edəcək.
SƏNAN ŞƏFİZADƏ
