2 dekabr 2013 17:00
İsgəndər Cavadov: Hafiz Məmmədov Azərbaycan futbolunu Avropa səviyyəsinə yüksəltməyə çalışır
Regional Futbol Federasiyasının prezidenti, ötənlərin məşhur futbolçusu, “Şöhrət” ordeninə layiq görülmüş İsgəndər Cavadov, azerisport.az saytına müsahibəsində “Bakı” klubunun “Atletiko” və “Lans”la əməkdaşlığını yüksək qiymətləndirib və bu əlaqələrin Azərbaycan futboluna böyük faydası olacağını bildirib.
- İlk olaraq “Bakı” klubunun İspaniyanın “Atletiko” və Fransanın “Lans” klublarıyla əməkdaşlığı barədə fikrinizi öyrənmək istərdik. Hazırkı dönəmdə bu layihə nə dərəcədə əhəmiyyətlidir?
- Azərbaycanın Madridin “Atletiko” kimi komandası ilə əməkdaşlıq etməsi, futbolumuz adına böyük uğurdur. “Bakı” klubunun dünyanın ən güclü futbol komandaları sırasında olan “Atletiko” ilə əməkdaşlığı, bizləri yalnız sevindirə bilər.
Belə səviyyəli komandalar hər əməkdaşlıq müqaviləsinə müsbət cavab vermir. Bu məsələdə “Bakı” klubunun prezidenti Hafiz Məmmədovun nüfuzu böyük rol oynayıb. Eyni zamanda “Lans”la əməkdaşlıq haqda da bu sözləri demək mümkündür. Bu gün Fransa dünyanın inkişaf etmiş ölkələrindən biridir. Futbol orada çox populyardır. Milyonlarla insan məhz futbolla nəfəs alır. Həmin insanların baxdığı futbol oyununda isə “Odlar Yurdu Azərbaycan” təbliğ olunur. Heç kimə sirr deyil ki, Lansda çoxlu sayda təşkilatlanmış ermənilər yaşayır. Məndə olan informasiyaya görə, ermənilər “Lans”la əməkdaşlığın baş tutmaması üçün çox çalışırdı. Lakin Hafiz Məmmədovun sayəsində bu gün biz “Lans”la əməkdaşlıq müqaviləsinə imza atdıq. Həm İspaniya, həm Fransada Azərbaycana münasibət çox dəyişib. Bu gün dünya, ölkəmiz haqda dolğun və düzgün informasiyanı məhz Madrid və Lansdan ala bilir. Hazırkı dönəmdə bu əməkdaşlıq müqavilələrinin əhəmiyyəti yüksəkdir. Çünki, müqavilədə uşaq futbolunun inkişafı və onun perspektivləri ilə bağlı vacib məqamlar qeyd olunub.
- “Bakı” klubu tərəfindən hazırlıq məqsədi ilə “Atletiko” və “Lans” Futbol Akademiyasına yeniyetmə futbolçular göndərilib. Azərbaycanda bütün futbol klublarında uşaq məktəbləri var. Bu mənada İspaniya və Fransa təcrübəsi hansı üstün cəhətlərə malikdir?
- Klublarımızda olan futbol məktəblərini “Atletiko” və ya “Lans”la müqayisə etmək mümkün deyil. “Atletiko”nun Akademiyasında məşqlər konkret konsepsiya ilə həyata keçirilir. Madrid təmsilçisi bir neçə ildən sonra həmin yeniyetmə futbolçunun əsas komandada oynaması üçün çalışır. Bizim klublarda bu istiqamət yoxdur. Uşaq məktəblərinin yetirmələri ən yaxşı halda 5 il sonra Azərbaycan çempionatında top qovacaq. Amma “Atletiko” və ya “Lans”da hazırlıq keçən uşaq Avropa səviyyəsində futbol oynaya biləcək. Lansda olduğum müddətdə orada olan şəraiti, təlim-məşq bazasını, tibbi müayinə mərkəzini gördüm. Bu gün biz Lans və ya Madrid təcrübəsindən istifadə etdiyimizə görə sevinməliyik. Bu komandalar öz sirlərini hər klubla bölüşmür. “Atletiko”nun düşərgəsində bir neçə ölkənin uşaq futbolçuları məşq edir. Beş il əvvəl bu, bizim üçün yalnız yuxu olardı. Azərbaycanlılar ən yaxşı halda öz hesablarına uşaqlarını Türkiyənin ortabab komandasında hazırlığa göndərə bilərdi. İndi isə Hafiz Məmmədovun sayəsində azərbaycanlı uşaqlar “Atletiko” və “Lans” kimi komandalarda təlim-məşqdə iştirak edir. Bu, futbolumuz üçün vacib və vaxtında atılan addımdır.
- Sizcə “Bakı” klubunun əməkdaşlığı sayəsində Azərbaycan futbolu nə qazanacaq?
- İspaniya və Fransada hazırlıq keçən futbolçuların qarşısına qoyulan əsas məqsədlərdən biri 2016-cı ildə ölkəmizdə keçiriləcək gənclər arasında Avropa çempionatının final mərhələsində milli komandamızın əsasını təşkil etməkdir. Layihə çərçivəsində seçilən uşaqlar "Atletiko" klubunun ulduz futbolçuları ilə birlikdə məşq edirlər. Onlar "Atletiko"nun müxtəlif yaş qruplarında çıxış edən komandalarının heyətlərində oynayaraq həm təcrübələrini, həm də fiziki göstəricilərini artıracaqlar. "Bakı" klubu Hafiz Məmmədovun rəhbərliyi altında Azərbaycan futbolunun layiqli mövqelərə yüksəlməsində öz töhfəsini verməyə çalışır. Dövlət başçısının diqqəti və qayğısı digər idman növləri kimi, futbolun da hərtərəfli inkişafı üçün zəmin yaradır. Bu əməkdaşlıq müqavilələri, futbolun inkişafına dair imzalanan Dövlət Proqramının icrasına dəstək olur. Hafiz Məmmədov da futbolumuzu Avropa səviyyəsinə yüksəltməyə çalışır. Mən bütövlüklə Hafiz Məmmədovun bu layihəsini dəstəkləyirəm. İnanın, cəmi 2-3 ildən sonra biz bu işlərin nəticəsini görəcəyik. Həmin uşaqlar həm Azərbaycan yığmasının əvəzolunmaz üzvünə çevriləcək, həm də Avropa meydanlarında təmsilçimiz olacaq.
- Üç ay əvvəl siz Lansa səfər etmişdiniz. Orada gördükləriniz sizdə hansı təəssüratlar yaratdı?
- “Lans” klubu çox sevilir. Hər bir oyun anşlaq olur. Azərbaycan bayrağının dalğalanması bizə çox xoş oldu. Fransada olduğumuz müddətdə ölkəmiz adına böyük diqqət gördük. Hafiz Məmmədovun “Lans”la əməkdaşlıq müqaviləsindən sonra, orada hamı Azərbaycanla maraqlanır. Bizə sonradan deyildi ki, Azərbaycan bayrağının stadionda dalğalanması Fransada çox güclü dayaqları olan erməni diasporunun etirazına səbəb olmuşdu. Onlar bir neçə dəfə "Lans"la Azərbaycanın əməkdaşlığına, eləcə də bayrağımızın stadiondan endirilməsinə çalışsalar da, buna nail ola bilməyiblər. “Lans”la əməkdaşlıq Azərbaycan maraqlarının Fransada qorunmasına xidmət edəcək. Eyni zamanda orada hazırlıq keçən uşaqlar gələcəkdə bizim futbolumuzun yüksəlməsində həlledici rol oynayacaq.
- Hər iki komanda üzərində “Land of Fire Azərbaycan” yazılan formalarda meydana çıxırdı. İndi həmin yazı “Bakı 2015” ilə əvəz olundu...
- Formalardakı yazının “Bakı 2015” ilə əvəzolunması gözəl təşəbbüsdür. Hafiz Məmmədov 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarının təbliğində böyük işlər görür. Bildiyiniz kimi, bu oyunlar ilk dəfə keçirilir. Təşkilati işlərlə yanaşı mötəbər yarışın təbliği çox vacibdir. Məhz “Atletiko” və “Lans”ın sayəsində bütün dünya Avropa Oyunlarının paytaxtımızda keçiriləcəyini görəcək. Bu, həm də Bakıya çoxlu sayda turistin gələcəyi deməkdir. Hafiz Məmmədov Azərbaycanın dünyada tanınması üçün çox işlər görür. Bu işlərdə biz ona dəstək olmalıyıq. Etiraf edək ki, heç vaxt “Atletiko” kimi nəhəng komanda ilə əməkdaşlıq barədə düşünməmişdik. Çünki, belə səviyyəli klublar futbolu daha çox inkişaf edən ölkələrlə çalışır. Amma indi biz həm “Atletiko”, həm də “Lans” təcrübəsindən yararlanmaq imkanı qazandıq. Bu işlər Azərbaycan futbolunun inkişafına və ölkəmizin təbliğinə müsbət mənada təsir edəcək.
