2 dekabr 2013 15:33
Orxan Sadıqlı: Toşakda alınmadı, Dənizlidə alınacaq
“Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlı azerisport.az saytına müsahibəsində Mustafa Dənizlinin rəhbərliyi altında ilk məşqdən danışıb.
- AZAL-la oyuna qədər son altı görüşdə siz ancaq bir dəfə meydana çıxmışdınız.
- Bilmirəm nə üçün Toşak mənə belə az etibar edirdi. 15-ci turda məni meydana buraxdılar və mən komandaya kömək etməyə çalışdım.
- Ancaq yenə də bir top buraxdınız. Günahkar kimdir?
- Buraxılmış qolda günahımı görmürəm. Gəlin günahkar axtarmayaq. Komanda qol buraxdı, demək bütün komanda günahkardır. Ancaq müdafiədə çatışmazlıqlar olduğunu gizlətməyəcəyəm. Eyb etməz, yeni məşqçi hər şeyi düzəltməyə çalışacaq.
- Yeni məşqçi xoşunuza gəlir?
- Şəxsən mənə Mustafa Dənizli xoş gəlir. O, əminlik bəxş edir. Artıq ilk toplanış etməyə vaxt tapıb. Bizə çox söz dedi. Bütün bunlar haqda danışmayacağam. Ümumilikdə komandanın gələcək tapşırıqları haqda danışdı. Dedi ki, komanda bu vəziyyətdən çıxacaq.
- O, AZAL-la oyuna (1:1) baxıb. Hansı narazılıqları bildirdi?
- Komandanı yükləmədi. Bir-iki narazılığı vardı. Ancaq vaxt ötdükcə, bunları aradan qaldıracağıq.
- Dənizlinin köəkçisi Oğuz Çetin haqda nə deyə bilərsiniz?
- Mən onu futbolçu olan zaman görməmişəm, ancaq deyirlər ki, yaşıl meydanlarda çox gurultu salıb. Ümumilikdə, onlar müsəlmandır və ən azından, bu, artıq yaxşıdır.
- Bu, sizə belə vacibdir?
- Onlara bizi anlamaq asandır. Biz bir dildə danışırıq. Onlar özlərini məşqçi kimi sübut ediblər və əminəm ki, komandanı qaldıra biləcəklər. Səkkizinci yerdən aşağı yer yoxdur. Biz indi də öz yerimizdə deyilik. Toşakda alınmadı, Dənizlidə alınacaq.
